“Elm və Təhsil deyil, Elm, Texnologiya və Sənaye Nazirliyi yaradılsın” – Şahlar Əsgərov

“Düzgün strukturlaşmanın olmaması dövlətin elmə ayırdığı vəsaitin geri “qayıtmasına” imkan vermir”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində Təhsil Nazirliyi ilə Milli Elmlər Akademiyasının birləşdirilməsi ehtimalını dəyərləndirən professor Şahlar Əsgərov deyib.

– Şahlar müəllim, Elmlər Akademiyası ilə Təhsil Nazirliyinin birləşdirilərək, Elm və Təhsil Nazirliyinin yaradılmasına dair təkliflər səsləndirilir. Bir alim olaraq, bu məsələyə münasibətiniz necədir?

– Deyim ki, bu məsələ artıq 20 ildir ki, gündəmdədir və SSRİ-dən qopan müstəqil dövlətlərin çoxunda vəziyyət belədir. Deməli, həmin ölkələrin bir çoxunda Elmlər Akademiyası ilə Təhsil Nazirliyi birləşdirilərək, Elm və Təhsil Nazirliyi yaradılıb. Elmlər Akademiyası isə sadəcə, alimlər klubu kimi saxlanılıb. Son illərdə apardığım tədqiqatlar, təcrübəm və inancım göstərir ki, bu da optimal yol deyil. Mənə belə gəlir ki, Təhsil Nazirliyi müstəqil qurum kimi saxlanılmalı, fəaliyyətini davam etdirməli, tərbiyə məsələsinə diqqəti artırmalıdır. Ancaq elm, texnologiya və sənaye nazirliyi birləşməlidir. Sənaye Nazirliyimiz var, Elmlər Akademiyamız var… Yəni Elmlər Akademiyası Sənaye Nazirliyi ilə birləşərək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin funksiyasından “yüksək texnologiya”nı özünə götürür. Nəticədə, Elm, Texnologiya və Sənaye Nazirliyi yaranır.

Elm – elmi nəticələrdir, kağızlardır, qrafiklərdir, nəzəriyyələrdir, formulalardır… “Elm” bunu verdikdə, “Texnologiya” o nəzəriyyələri, formulaları “resept”ə çevirir. Sonra isə o “resept”lər ötürülür “Sənaye”yə və o da məhsul istehsalına başlayır. Buna görə də elm, texnologiya və sənayenin birlikdə olması lazımdır. Ancaq Təhsil Nazirliyi olduğu kimi qalsa, yaxşıdır.

– Yəni Siz inzibati deyil, istehsalçı bir nazirliyin yaradılmasını təklif edirsiz…

– Bəli, tamamilə doğrudur. Çünki bizim elmi nəticələr heç vaxt tətbiq olunmur. Nə mənada tətbiq edilmir? Bunu izah edim. Ötən əsrin ortalarından başlayaraq, dövlətdən elmə hər zaman pul ayrılıb. Elmə hər il ayrılan 1 manat dörd ildən sonra əlavə 5 manat gəlir gətirməlidir. Bizdə bu, yoxdur. Həmin 1 manat nəinki gəlir gətirmir, heç özünü də “qaytara” bilmir. Yəni elm dövlətin məsələn, 2016-cı ildə ona ayırdığı vəsaiti geri qaytarmaq imkanında deyil, o pullar belə deyək, sanki quyuya atılıb. Bu da o deməkdir ki, elmi nəticələr praktikada tətbiq olunmur. Bunun də səbəbi düzgün strukturun olmamasıdır. Əgər elm, texnologiya və sənaye bir arada olarsa, elmi nəticələrin praktik tətbiqi üçün zəmin, şərait yaranar. O halda elmə ayrılan dövlət vəsaitinin bir neçə ildən sonra üç-dörd dəfə artıqlaması ilə geri qaıytması mümkün olar.

– Deməli, bu variant həm yoxsulluq içində yaşayan alimlərimizin xaricə üz tutmalarının, ümumiyyətlə, ölkədən “beyin axını”nın qarşısını alar…

– Tamamilə doğrudur. Sovet dövründə alimə yüksək maaş versələr də, onların hüquqlarını xeyli məhdudlaşdırmışdılar. Sovet alimi hətta öz ixtirasının mülkiyyət hüququndan da məhrum idi. Yəni dövlət alimə 500 manat maaş verirdi, onun etdiyi ixtiraya sahiblənirdi və sonra özü həmin ixtira ilə bağlı qərar verirdi – alimin bundan heç xəbəri də olmurdu. Dediyim məsələ öz həllini taparsa, o halda alimlərimiz də öz elmi işlərinin mülkiyyət hüququnu əldə edə biləcəklər. Alim özü maraqlı olacaq ki, görəsən onun müəllifi olduğu elmi nəticənin aqibəti necə olacaq, texnologiyadan necə keçəcək və sair…

Araz Zeynalov

COP29