Elman Rüstəmov getdi: Devalvasiya gözlənilir? – ŞƏRH

“Görünən odur ki, hökumət bank sektorunda canlanma etmək fikrindədir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmovun vəzifəsindən getməsinə münasibət bildirən iqtisadçı Samir Əliyev deyib.

İqtisadçı hesab edir ki, müasir Azərbaycanın mövcud bank sistemi müsbət və mənfi tərəfləri ilə birlikdə Elman Rüstəmova məxsusdur:

“Onun rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya inamı bərpa olub. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarının pozulması kimi problemlər həllini tapa bilməyib. Devalvasiya isə göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Elman Rüstəmov ölkədə devalvasiyanın əsas əleyhdarlarından biri olub. Onun gedişindən sonra devalvasiyanın olma ehtimalı artacaq. Çünki o, uzun müddət siyasi hakimiyyəti manatın məzənnəsini sabit saxlamağın vacibliyinə inandıra bilmişdi. E.Rüstəmovun fəaliyyətində əsas nöqsan bank sisteminin, valyuta rejiminin liberal olmaması ilə bağlı olub. Ancaq bunun səbəbini ölkə iqtisadiyyatının strukturunda axtarmaq lazımdır. Çünki ümumi iqtisadiyyatı liberal olmayan ölkələrdə bank sektorunun liberallaşması da mümkünsüzdür”.

Xatırladaq ki, ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib. Bu gün isə Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, Elman Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri olub.

Gülşən Şərif

COP29