Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib və ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti, dekabrın 5-də ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə Milanda baş tutan görüşü barədə məlumat verib.
Daha sonra nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz Dəhlizi layihələrindən bəhs edib və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib.
Uess Mitçel ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini qeyd edib və Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə töhfəsini yüksək qiymətləndirib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.