Reklam

Reklam

İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfanonun dəvəti ilə Romada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov həmkarı ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, görüşdə nazirlər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin və dostluğun yüksək səviyyəsindən məmnunluqlarını ifadə ediblər. İki ölkə arasında iqtisadi-ticarət, enerji və mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi və İtaliyanın Azərbaycanın Avropa İttifaqında ən əsas ticarət tərəfdaşı olduğu bildirilib.

Nazirlər Cənub Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini diqqət çəkərək bu məsələdə ölkələr arasında olan əməkdaşlığı təqdir ediblər. İtaliya xarici işlər naziri ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsini dəstəklədiyini deyib.

Görüşdə İtaliyanın ATƏT-in fəaliyyətdə olan sədri statusuna da toxunulub. A. Alfano ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin diplomatik yollarla, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiyini vurğulayıb. E. Məmmədyarov İtaliyanın münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyinə görə təşəkkür edib. O, danışıqlar prosesi haqqında məlumat verərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam, qeyd-şərtsiz çıxarılması barədə tələblərini hələ də yerinə yetirmədiyini diqqətə çatdırıb. O əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktında təsbit olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 503
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."