Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul edib.
Yenicag.az xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndiriblər, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər.
Tərəflər Azərbaycan və Braziliya arasında yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından vacibliyini ifadə ediblər.
Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.
E.Məmmədyarov Braziliyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Daha əvvəl xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunan səfiri Hamad Abdulla Xudayiri qəbul edib./Report/