Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Elmar Məmmədyarov: "Beynəlxalq birliyin Qarabağ münaqişəsinin həllinə dəstəyi artıb"

Reklam: Sinerji Pro

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalıdır”.

Yenicag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibəsində bildirib.

“Nizamlanmanın hüquqi bazasına müraciət edərkən xatırlatmaq lazımdır ki, onu, ilk növbədə, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, GUAM-ın, NATO-nun, Avropa Parlamentinin və s. qərarları, habelə ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər təşkil edir. Təəssüf ki, uzun illər davam edən danışıqlar heç bir nəticə verməyib. Lakin Ermənistanda baş verən son hadisələr, habelə Düşənbədə və Sankt-Peterburqda MDB sammitləri müstəvisində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla üç görüşüm danışıqlar prosesinin irəlilədilməsi nöqteyi-nəzərindən müəyyən nikbinlik üçün əsas verir”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Milanda nazirlər səviyyəsində keçirilən görüşü çərçivəsində qəbul edilmiş 2018-ci il 6 dekabr tarixli birgə bəyanatında münaqişənin sülh yolu ilə ədalətli və davamlı tənzimlənməsi üzrə danışıqları davam etdirməyə razılığın əldə olunması qeyd edilib. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişməyib. Sənəddə həmçinin Düşənbədə iki dövlətin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaya riayət edilməsinə və hər iki ölkənin əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılmasına çağırış əksini tapıb. Bundan əlavə, birgə bəyanatda yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsində intensiv danışıqların aparılmasının zəruriliyi barədə fikir ifadə olunub.

E Məmmədyarov deyib ki, münaqişənin nizamlanmasında irəliləyişin əldə olunması bütün regionda sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, ilk növbədə, Ermənistanın özündə iqtisadi inkişafa imkanlar açacaq: “Ölkəmiz digər etnik qrupların nümayəndələri olan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, özünün beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağın erməni mənşəli vətəndaşlarına münasibətdə də bunu etmək və onlara Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır”.

Nazir vurğulayıb ki, Azərbaycanı narahat edən problemlərə və beynəlxalq gündəliyin aktual məsələlərinə dair ölkəmizin mövqeyi BMT Baş Məclisinin 73-cü sessiyasi çərçivəsində keçirilən bir sıra tədbirlərin gedişində böyük anlayışla qarşılanıb və dəstəklənib: “Məsələn, BMT-nin Baş Məclisi Azərbaycanın təklif etdiyi “İtkin düşmüş şəxslər” adlı qətnaməni dekabrın 17-də qəbul edib. Sənəddə beynəlxalq birliyin diqqəti beynəlxalq humanitar hüququn müddəalarına hörmət və onlara riayət olunması, silahlı münaqişələr şəraitində insanların itkin düşməsi hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı üzrə bütün zəruri tədbirlərin görülməsi, o cümlədən beynəlxalq öhdəliklərə müvafiq olaraq onların taleyinin müəyyən edilməsi üçün əməkdaşlıq üzərində cəmləşdirilir. Aprelin 3-5-də Bakıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirlərinin konfransı keçirilib. Konfransın nəticələrinə əsasən qəbul edilmiş yekun sənədində və Bakı Bəyannaməsində Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyinə birgə dəstək ifadə olunub. Avropa Parlamenti dekabrın 12-də “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi xarici siyasətinin reallaşması haqqında” qətnamə qəbul edib. Qətnamə mövcud münaqişələrin ərazi bütövlüyü, suverenlik və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tənzimlənməsini təsdiq edib”.

Nazir beynəlxalq birliyin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə birmənalı dəstəyinin artdığını xüsusi vurğulayaraq deyib: “Bizim ardıcıl səylərimiz nəticəsində “beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi” formulundan diplomatiya leksikonunda geniş istifadə olunmağa başlanıb”.

www.yenicag.az

802
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM