Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib.
XİN-dən Yenicag.az-a verilən məlumata əsasən, görüşdə Nazir Elmar Məmmədyarov Azərbaycanla Çili arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, ölkələr arasında mövcud olan münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynadığı vurğulanıb.
Nazir Elmar Məmmədyarov bu ilin oktyabr ayında keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitində Çili tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar oduğunu qeyd edib.
Qabriel Xara ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Bu xüsusda tərəflər arasında iqtisadi, ticarət, eləcə də sərmayə qoyuluşu kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün biznes forumunun keçirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı tərəflər arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Nazir Elmar Məmmədyarov Qabriel Xaraya diplomatik fəaliyyətində uğurlar arzu edib.