Elmar Məmmədyarov Kosta Rikanın XİN rəhbəri ilə birgə bəyanat imzalayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfəri çərçivəsində Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə birgə bəyanat imzalayıblar.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov 1-2 iyun 2017-ci il tarixində Kosta Rika Respublikasına rəsmi səfəri çərçivəsində Kosta Rika Respublikasının prezidenti Zati-aliləri cənab Luis Guillermo Solis tərəfindən qəbul edilib.

Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Prezident Luis Guillermo Solisə çatdırıb, öz növbəsində, Prezident Luis Guillermo Solis ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Səfər çərçivəsində xarici işlər nazirləri Manuel Gonzalez Sanz və Elmar Məmmədyarov geniş tərkibdə görüş keçirib və 16 sentyabr 2002-ci ildə Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu”na uyğun olaraq, siyasi məsləhətləşmələr aparıblar.

Siyasi məsləhətləşmələr çərçivəsində nazirlər ikitərəfli münasibətlərin cari statusunu nəzərdən keçiriblər və Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, keçən dövr ərzində siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər.

Nazirlər Kosta Rika və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini qeyd edərək, bu xüsusda Manuel Gonzalez Sanzın 20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasına rəsmi səfərini xoş təəssüratlarla xatırlayıblar.

Elmar Məmmədyarov Kosta Rikanın Azərbaycanda səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə ediblər.

Nazirlər bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar.

Manuel Gonzalez Sanz Kosta Rikanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmasını tam dəstəklədiyini bəyan edib.

Nazirlər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər. Bu xüsusda, Diplomatik Akademiyalararası əməkdaşlıq, tələbə və alim mübadiləsi xüsusilə vurğulanıb.

Tərəflər hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını əks etdirmədiyini bildiriblər və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün iki ölkənin biznes icmaları arasında birbaşa təmasların qurulmasının təşviqi barəsində ortaq mövqelərini bölüşüblər. Daha sonra onlar təmsil etdikləri ölkələrdə Azərbaycan və Kosta Rika haqqında ictimai məlumatlılığın artırılması baxımından ictimai diplomatiya və mədəni tədbirlərin rolunu diqqətə çatdırıblar.

Həmçinin bu kimi səylərin turist axınına tövfə verəcəyini əlavə ediblər.

Nazirlər həmçinin ikitərəfli münasibətlərin irəlilədilməsi baxımından parlament diplomatiyasının xüsusi rol oynadığını bildirərək, parlament nümayəndə heyətlərinin mübadiləsi barəsində ortaq təşəbbüslə çıxış ediblər.
Tərəflər beynəlxalq aləmdə baş verən hadisələr ətrafında geniş müzakirələr apararaq, qlobal məsələlərə münasibətdə Azərbaycan və Kosta Rikanın ortaq baxışları bölüşdüyünü və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, regional və qlobal sülhün qorunub-saxlanılması məqsədilə qanunlara əsaslanan beynəlxalq nizamnın gücləndirilməsinə sadiqliyini bəyan ediblər.

Mühüm beynəlxalq tədbirlər əsnasında görüşlərini xatırlayan nazirlər, bü xüsuda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və dayanıqlı qarşılıqlı dəstək təcrübəsinin təqdirəlayiq hal olduğunu bildiriblər.

Nazirlər “Diplomatik, xidməti və rəsmi pasporta malik şəxslərin vizadan azad edilməsi haqqında Razılaşma”nı imzaladılar və iki ölkə arasında, xüsusilə iqtisadi və humanitar sahədə müqavilə-hüquq bazasının gücləndirilməsi baxımından səylərin davam etdirilməsi barəsində razılığa gəliblər.

Həmçinin, nazirlər siyasi məsləhətləşmələrin növbəti raundunun Bakıda keçirilməsi haqqında razılığa gəliblər.

Yenicag.az

COP29