100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Elmar Qasımov Olimpiadaya 1/16 final mərhələsindən başlayıb.
Cüdoçumuzun ilk rəqibi Olimpiya çempionu Taqir Xaybullayev olub. Elmar rəqibinə heç bir şans verməyib. Qasımov 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gələcək.
***
Elmar Qasımov növbəti qələbəsini qazanıb. O, səkkizdəbir final mərhələsində Əlcəzair idmançısı Lyes Bouyakouba qalib gələrək dörddəbir finala adlayıb.
Cüdoçumuzun dörddəbir finaldakı rəqibi Misir təmsilçisi Ramadan Dərviş olacaq. R.Dərviş 2016-cı ildə keçirilən böyüklər arasında cüdo üzrə Afrika çempionatının qalibidir.
***
Elmar Qasımov dörddəbir finalda Misir təmsilçisi Ramadan Dərvişi ippon fəndi ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Azərbaycan idmançısı yarımfinal mərhələsində Artem Bloşenko (Ukrayna) – Karl-Riçard Frey (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.