!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Vəliyev məktəb tikiləcək ərazini satıb? - Sakinlər iddia, icra başçısı isə təkzib edir - Fotolar

!Reklam – Yazi

Gəncə şəhəri İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin Natavan qəsəbəsində məktəb inşası üçün nəzərdə tutulan geniş ərazini fərdi yaşayış evlərinin tikintisi məqsədilə satdığı bildirilir.

Bu barədə Gəncə şəhəri Natavan qəsəbəsinin bir qrup sakini adından Yenicag.az-a müraciət edən Rəşid Abbasovun məlumatında qeyd olunub.

Şikayətçinin sözlərinə əsasən, Elmar Vəliyev bir neçə il əvvəl verdiyi vədin əksinə olaraq, qəsəbədə məktəb tikiləcək 5 hektar ərazinin 3 hektarını artıq satıb, qalan 2 hektarını da satmağa hazırlaşır:

“Gəncə şəhərindəki Natavan qəsəbəsi 30 il əvvəl salınıb. 13 dekabr 2011-ci ildə rəsmən qəsəbə statusu alıb. Hazırda qəsəbədə 5 min nəfərə yaxın əhali yaşayır. Qəsəbə salınarkən, ərazinin mərkəzi hissəsində məktəb, uşaq bağçası, idman meydançası, park, poçt, tibb məntəqəsi və s. obyektlərin tikintisi üçün 5 hektar torpaq sahəsi ayrılıb.”

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hələ 2012-ci ildə qəsəbənin mərkəzi küçəsinin asfalt-yol örtüyünün açılışı zamanı sakinlər qarşısında çıxış edərək, həmin ərazidə başqa təyinatlı tikililərin inşa olunmayacağını bildirib:

“Qəsəbənin mərkəzi hissəsində yerləşən həmin torpaq sahəsində fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulmayıb. Həmin torpaq sahəsində yalnız qəsəbənin infrastruktur obyektləri tikiləcək.

Qəsəbə sakinlərinin istənilən problemi həll etmək üçün şəhərin mərkəzinə getməyinə ehtiyac olmayacaq. Qəsəbədə həmin ərazidə tikiləcək xidmət obyektlərindən istifadə etməklə sakinlər bütün problemləri yerindəcə həll edəcək”.

Lakin təəssüf ki, bir ildən sonra – 2013-cü ildə həmin torpaq sahəsinin 3 hektardan artıq hissəsi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün əhaliyə satıldı.

Natavan qəsəbəsinin mərkəzi hissəsində məktəbin və digər obyektlərin tikintisi üçün həmin ərazidə cəmi 2 hektardan da az torpaq sahəsi saxlanıldı.

Qəsəbə sakinləri qeyd olunan torpaq sahəsinin satılmasının qarşısının alınması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

Gəncə şəhərinin o zamankı Baş memarı Əli Rüstəmli müraciətə cavab olaraq bildirdi ki, “sözügedən ərazidə Baş planda nəzərdə tutulmuş obyektlərdən başqa heç bir əlavə işlər görülməyəcək. Ona görə Sizin narahatlığınıza heç bir əsas yoxdur”.

Lakin Gəncə Şəhər İcra Hakimiyyətindən Natavan qəsəbə sakinlərinə verilən bu təskinləşdirici cavab da yalan çıxıb:

“Hazırda Gəncə şəhərinin Baş memarı Məharət Mustafayevin göstərişi ilə şəhər Memarlıq şöbəsinin əməkdaşı Ramin adlı şəxsin və digərlərinin iştirakı ilə həmin torpaq sahəsini də hissələrə bölərək, fərdi yaşayış evlərinin tikintisi üçün əhaliyə satmağa başlayıblar. Yəni saxlanılan həmin torpaq sahəsi də ( 2 hektar ərazi – red.) satıldıqdan sonra qəsəbədə infrastruktur obyektlərinin tikintisi tamamilə mümkün olmayacaq.

Ölkənin ikinci ən böyük şəhəri olan Gəncənin Natavan qəsəbəsində orta məktəb yoxdur. Qəsəbədəki təqribən 600 şagird isə uzaq məsafə qət edərək, Gəncənin digər məktəblərinə getmək məcburiyyətində qalıblar.

Uşaqlar evlərindən çox uzaqda yerləşən məktəblərə gedib-gələrkən problemlərlə üzləşirlər və əziyyət çəkirlər. Sakinlər isə 30 ildir ki, qəsəbədə nə zamansa məktəb və digər iaşə obyektlərinin tikiləcəyini gözləyirlər”.

Lakin qəsəbənin mərkəzi hissəsində kiçik həcmdə saxlanılan həmin torpaq sahəsinin də satışa çıxarılması sakinlərin bütün ümidlərini puç edib.

Qəsəbə sakinləri dəfələrlə həmin ərazidə toplaşaraq, məktəbin tikiləcəyi yerin satılmasına etirazlarını bildirib və bu özbaşınalığa son qoyulmasını tələb ediblər.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Gəncə şəhəri Kəpəz rayon icra hakimiyyətinin başçısı Eldəniz Xudiyev qeyd olunan ərazinin satılması haqda deyilənləri təkzib edərək, orada hazırda ölçmə işlərinin aparıldığını, məktəb tikintisinin isə gələn ilin əvvəlində başlayacağını bildirib:

“Qəsəbədəki o yer məktəb üçün nəzərdə tutulub və saxlanılıb. Sadəcə olaraq, ölçü işləri aparılıb və bu gün-sabah həmin işlər başlayacaq. Bunlar da elə hay-küyə düşüblər ki, guya oradakı yer satılıb. Mümkün olan şey deyil. Məsələdən xəbərimiz var. Orada konkret olaraq, qəsəbə üçün məktəb nəzərdə tutulub. Yəqin ki, növbəti ilin əvvəlində məktəbin tikintisinə başlanılacaq. Bu gün layihə baxımından, ölçü işləri aparılır. Orada ayrı məqsəd yoxdur”.

A. Zeynalov

www.yenicag.az

3284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv