Elmira Axundovanın 1 milyonluq SƏFİR TƏYİNATI? – “Ukrayna mediası da bundan yazır…”

“Həmin xanım deputatın bircə dəfə tədbirdə çıxış etdiyini və Krımın ilhaqını pislədiyini eşitmədim”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynaya təyin edilmiş yeni səfiri, sabiq deputat Elmira Axundovanın bu posta rüşvət qarşılığında keçməsi haqda iddiaların Ukrayna mətbuatına da yol tapdığını vurğulayan politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, özünün və oğlunun adının maliyyə qalmaqalları ilə hallanan keçmiş xanım deputatın Ukraynaya səfir təyin olunmasının anlaşılmadığını vurğulayıb:

“Azərbaycanın Ukraynaya səfirinin rüşvət müqabilində təyinatı ətrafında söz-söhbət artıq Ukrayna mətbuatına da yol açıb. Bu, Azərbaycanın imicinə zərbədir. Məsələ ciddi şəkildə araşdırılmalıdır. Ümumiyyətlə, özünün və oğlunun adının maliyyə qalmaqalları ilə hallanan keçmiş xanım deputatın Ukraynaya səfir təyin olunmasını anlamadım.

Ukraynanın Bakıdakı səfirliyinin təşkil etdiyi hər tədbirə dəvət olunurdum. Ukraynanın Azərbaycandakı səfiri hər tədbirdə ya məndən, ya da Üzeyir Cəfərovdan çıxış etməyi xahiş edirdi. Hər ikimiz çıxış edir, Ukraynaya dəstəyimizi bildirir, Rusiyanın separatçılara dəstəyini sərt şəkildə tənqid edirdik.

Həmin xanım deputatı da ara-sıra Ukrayna səfirliyinin tədbirlərində görürdüm. Ancaq onun bircə dəfə tədbirdə çıxış etdiyini və Krımın ilhaqını pislədiyini eşitmədim”.