Elnur Aslanovla bağlı “Saakaşvili” variantına start verilir


Gülənin azərbaycanlı müridlərinin seçki öncəsi tamamilə aktivləşdiyini yazmışdıq. Qeyd etmişdik ki, nazir dostlarının dəstəyi ilə “Baku 2015”ı özlərinin “Amnistiya” fərmanı elan edən Elnur Aslanov və şəbəkəsi 5-ci çağırış Milli Məclisə seçkilərə komanda şəklində gedəcəklər.  Bu namizədlər arasında mühüm dövlət şirkətlərinin birinin Avropa ölkələrinin birindəki təmsilçisinin də olduğu qeyd olunur.

Məlumatda bildirilir ki, parlamentə namizədlər arasında Elnur Aslanovun özünün olma ehtimalı da var. Lakin bir başqa mənbə Aslanovun köhnə kadrlarını irəli sürsə də, özünün arxa planda qalmasına çalışdığını bildirir.

Qeyd olunur ki, Aslanov ilyarımlıq susqunluğunu daha 3-4 il davam etdirmək niyyətindədir. Şəbəkə fəaliyyətlərini davam etdirsə də, anası tərəfindən “siyasi xadim” elan edilən Elnur Kazımoviç 2018-ci ilə-Prezident seçkilərinə qədər özünü qorumaq niyyətindədir. Xatırlayırsınızsa, hələ bir neçə ay öncə Aslanovun “Saakaşvili” planını gerçəkləşdirmək istədiyini yazmışdıq(https://yenicag.az/22222234/) .

Qeyd etmişdik ki, “Saakaşvili olacağına özünü inandıran Aslanovun başlıca hədəflərindən biri də ölkədən çıxmaq istəyidir. Müxtəlif bəhanələrlə ölkədən çıxmaq istəyən Elnur Aslanovun bunun üçün bir sıra addımlar atdığı vurğulanır. Hazırda iqtidardakı havadarlarının onun yolunu açmaq üçün çalışdıqları da qeyd olunur. Bildirilir ki, Elnur Aslanovun beynəlxalq konfransda iştirak və ya başqa bir bəhanə ilə çıxarılması planlaşdırılır. Hocası Türkiyəyə Xomeyni kimi gəlmək istədiyi kimi o da Saakaşvili kimi geri qayıtmaq niyyətindədir. Necə də olsa, gəncləri öz elektoratı saymaqdadır”. ABŞ-ın Azərbaycandakı səfirliyi ilə yaxınlığı şübhə doğurmayan mənbəsinin sözlərinə görə, Elnur Aslanov istəyinə qismən nail olub. Belə ki, gizli aparılan prosses nəticəsində Aslanovun təhsil almaq adı ilə ABŞ-a getmək istəyi reallaşmaq üzrədir. Regiondakı əksər amerikanpərəstlərin keçdiyi bu proqramda iştirak bəhanəsi ilə getdikdən sonra 3 ildən tez geri qayıtmaq istəmədiyi də bildirilir.

Aslanovun bu planını gücləndirmək üçün ABŞ-da “Qarabağ evi” açmaq təklifi isə dəstək almayıb. Belə ki, fantastik büdcə ilə özünə bu ad altında ABŞ-da ştab açmaq istəyən Aslanovun 2012-ci ildə İstanbulda keçirilən Xocalı yürüşü zamanı da altı sıfırlı maxenasiyalara imza atdığı qeyd olunurdu. Aslanovun ABŞ-a getmək istəyinin arxasında bu ölkənin bütün dairələrinə özünü təsdiq etdirmək, yeni əlaqələr yaradaraq, 3-cü qüvvə olaraq, meydana çıxmasına şərait yaradılmasını təmin etmək dayandığı ehtimal olunur. Rusiya ilə İlham Rəhimov vasitəsi ilə əlaqələr qurulması planı fiaskoya uğradıqdan sonra ABŞ-a dördəlli sarılan Aslanovun özü ilə yanaşı güvəndiyi daha beş nəfəri təhsil adı altında ölkədən çıxararaq, zamanı gələnə qədər qorumaq istədiyi vurğulanır. Strateji Araşdırmalar Mərkəzinə yığdığı kadrlarının bir çoxunun artıq təhsil adı altında ölkədən çıxdığını bildirən mənbə yaxın aylarda Aslanovun da getməyə hazırlaşdığını bildirir. Geriyə gənc lider olaraq, dönməyi planlaşdıran Aslanovun unutduğu bir məqam var ki, sağlam Azərbaycan gəncliyi heç də o və onun kimilərin arxasınca deyil, Ulu Öndər Heydər Əliyevin təməlini atdığı dövlətimizin yolunda, Azərbaycan Prezidenti İlham Əliyevin yanındadırlar. Bu gün Azərbaycan gəncliyi yaxşı bilir ki, onun ən yaxın dostu Azərbaycan Prezidentidir. Gənclərlə bağlı həyata keçirilən dövlət siyasəti Elnur Aslanovun beyninin məhsulu deyil, Prezident İlham Əliyevə məxsusdur. Qaranlıq fəaliyyəti ilə məşhur imamların arxasınca gedənlər bu gün “kassetlər”lə özlərinə yol açsalar da, sonunda məğlub olacaqlar. Yenicag.az