“Əlövsət Əliyev vətən xaini və dövlətimin düşməni olsaydı…” – Tənzilə Rüstəmxanlı yazır

“Əlövsət Əliyev vətən xaini və dövlətimin düşməni olsaydı…” – Tənzilə Rüstəmxanlı yazır

Demişdim və yazmışdım, nə zaman ki, Avropada səs gətirən bir tədbir keçirilsə, erməni diasporu anında hərəkətə keçər və bu tədbirə kölgə salmaq üçün bütün vasitələrdən istifadə edərlər. Bunu başa düşmək çətin deyil. Çünki o düşməndir və düşmən olduğunu da heç gizlətmədiyi üçün o qədər təhlükəli deyil. İllərdir, hər tədbirlərdən sonra yazdığım kimi, təhlükəli olan içimizdəki “erməni diasporu” ilə işbirliyində olanlar, yəni daxildəki ermənilər, erməni təfəkkürlülər və onların qoruyub himayə etdikləri “qələmşorlar”ıdır.

İnanın ki, heç təəccüblənmədim, cünki uzun zamandan bəri ömrümüz bunlarla mübarizədə keçdi, onların yazdıqlarının zərrəcə əhəmiyyəti yoxdur. Amma umursadığım başqa bir məqam- bu yazanların hələ də hökumətdə kimlərinsə himayəsində olmasıdır

Təhlükəli olan da budur. Xoş niyyətli tənqid olsaydı, bəlkə bu yazılanlara cavab belə verməzdim. Amma burada qərəz, ağır ittihamlar, Azərbaycan dövlətinin əleyhinə işləyəcək məqamlar var. Avropada fəaliyyətdə olan, Azərbaycan hökümətini, öz dövlətinin rəsmilərini təhqir edənlərlə işbirliyi var, dövlətini, millətini sevən, onun maraqları üçün çalışan insanları “mərdi qova-qova namərd etmək” istəyi var. Bunlar dövlətin yüksək məqamlarında oturaraq, dövlətin imkanlarından istifadə edərək, dövlətçiliyimizin əleyhinə iş apardıqlarının fərqində belə deyillər. Yaxud, onların boyuna biçilmiş missiyanı yerinə yetirirlər.

Günlərdir Almaniyada soydaşlarımıza qarşı aparılan polis əməliyyatlarını, əlində qələm olan və bu sahədə sanki “beynəlxalq mütəxəssis” kimi təhlillər aparan, öz çirkin məqsədlərinə uyğun ittihamlar irəli sürənlərə baxdıqca və yazdıqlarını oxuduqca, belə təsəvvür yaranır ki, Almaniya dövləti Qarabağı işğal edənləri, Xocalı Soyqırımını törədənləri həbs edir. Bizimkilər də bu münasibətlə toy-bayram edirlər. İkinci bir ölkə göstərin ki, həbs olunan soydaşları üçün bu qədər natamamlıq kompleksinə girsin. Almaniya məhkəmələri tərəfindən heç bir qərar olmadan onları bəzilərini cinayətkar kimi cəmiyyətə təqdim edən bu satılmış qələmlər nə vaxta qədər dövlətin məmurları tərəfındən himayə ediləcək?

Almaniyada bir soydaşımızın izahatında adı keçdiyinə görə şübhəli şəxs qismində saxlanılanlardan biri də qaynım Əlövsət Əliyevdir. Ona qarşı Azərbaycan mətbuatında yazılanların heç bir əsasi yoxdur.

Əlövsət Əliyev Brüsseldəki tədbirə mənim dəvətimlə gəlmişdi. Hər kəsə məlumdur ki, Əlövsət Əliyev uzun müddətdir Almaniyada yaşayır, öz ölkəsinə gəlib-getmək imkanı yoxdur. Əslində, məni görmək üçün gəlmişdi. Əlövsət Əliyev hüquq müdafiəçisidir. Onun Almaniya qanunları əsasında açdığı büro soydaşlarımızı əyri niyyətlərlə Avropaya aparıb sığınacaqlarda əlacsız qoyan miqrant dələduzlarına qarşı mübarizə aparır, Azərbaycandan gedənlərin alman toplumuna inteqrasiyasına kömək edir, Avropada yaşayan yerlilərimizin səfirliklərimiz tərəfindən düzgün himayə edilməsinə, doğulan uşaqların vaxtında və düzgün qeydiyyata alınmasına çalışır. Azərbaycanda illər uzunu insan alverinə qarşı mübarizə aparmışdı, indi də o işi görür. Daha doğrusu, miqrantlara yardım edir. Bir diaspor nümayəndəsi və miqrant işini bilən birisi kimi o tədbirdə çıxış etdi. Onun orada verdiyi təkliflər bunlar idi: “Səfirliyimiz Almaniyaya miqrant kimi gəlmiş insanlarımızın siyahısını tutsun. O insanlarımz miqrant kimi yerləşdikləri ərazilərdə siyahıya alınsınlar və Almaniya onlara başqa ölkələrdən gələn miqrantlarla eyni münasibəti göstərsin”.

Azərbaycanlı miqrantlar çox zaman ağır çətinliklərlə üz-üzə qalırlar. Başqa ölkədə miqrant kimi yaşamaq ayıb deyil. Əlövsət Əliyev bir hüquqçu və bu işin peşəkarı kimi onlara dəstək olmaq istəyir. Əlövsət Əliyevi adları məlum olan müsavatçıların işi ilə əlaqədar saxlanılıb. Vəkili ilə görüşüb və deyib ki, bu iddiaların mənə heç bir aidiyyatı yoxdur. Yəqin ki, bu məsələyə çox qısa zamanda aydınlıq gələcək.

Onu cəmiyyətə “mühacir biznesi” ilə məşğul olan şəxs kimi təqdim etməyə çalışan bəzi saytlar, və onların sifarişçiləri məni Əlövsət Əliyevin Azərbaycandakı himayədərı kimi qələmə verirlər. Açığı, belə bir cəhalət görməmişdim, cahilliyin bu qədəri də olmaz. Əlövsət Əliyev mənim qaynımdır, ailə üzvümdür və onun mənim,ya da başqa birisinin himayəsinə ehtiyacı yoxdur.

Əlövsət Əliyevə “mühacir biznesi qurub” deyənlərin ağzından süd iyi gələndə, o, Qarabağda savaşıb, Şuşada döyüşüb, qazi olub. Əlövsət Əliyev dövlətimin düşməni olsaydı, əmin olun, gözümün iki nuru olsa belə, ondan imtina edərdim. Ancaq bu gün Əlövsət Əliyevə qarşı başlanmış qarayaxmalara cavab verməyi özümə bir vicdan borcu bildim.

Mən ailə üzvüm günahsız ola-ola hansısa bir müxalif düşüncənin sahibidir deyə, ondan imtina edəcək qədər şərəfsiz bir nəslin övladı deyiləm. Tam əksinə, biz bu gün əvvəlkindən daha çox Əlövsətin yanındayıq. Ən azından bilirəm ki, Əlövsət bəziləri kimi “Xocalını ermənilər etmədi, biz etdik” deməyib və vətənə xəyanətdən həbs olunmayıb. Ermənilərin əlinə bu fürsəti verənlər, bu gün bəzi məmurların qanadı altında firavan həyat sürərək, bu millətin milli dəyərlərinə saldırmakla məşğuldurlar: dilinə və milli kimliyinə, özəlliklə türk olanlara.

AAK-a gəlincə, Avropa Azərbaycanlıları Konqresinin üzvü olduğum üçün o tədbirdə işitrak etmişəm və bu barədə geniş yazmışam. Bu gün də o fikirdəyəm ki, yaradılmış bütün təşkilatları Azərbaycan dövləti, imkan daxilində himayə etməli və onlara
dəstək verməlidir.

Əlbəttə, Diaspor Komitəsi də bunun üçün yaradılıb. Diaspor Komitəsinin əvvəl də, indi də gördüyü bir çox təqdirəlayiq işlər var. Narazı qaldığımız tərəfləri səmimiyyətimizlə tənqid etmişik və səhvlərin aradan qaldırılmasını təklif etmişik. Diaspor Komitəsinin yeni rəhbərliyi islahatlar aparır, Prezidentimizin xarici siyasətini dəstəkləyir. Əlbəttə bunlar çox təqdirə layiqdir və belə də olmalıdır.

Əlövsət Əliyevi “miqrant alveri”ndə suçlayanların və onun Brüssel tədbirində iştirakını tədbir təşkilatçilarının əleyhinə çevirməyə çalışırların atdığı iftiralar özlərinin üzünə çırpılacaq. Yazını yazan və bu yazının sifarişçisi, öz aləmində güya Diaspor Komitəsi və onun rəhbərliyinə yarınmak istəyir, amma tam tərsi,onlara zərər verir, onları Avropadakı diaspor təşkilatları və Prezident Adminstrasiyası ilə üz-üzə qoyur və onları əslində hədəf göstərir. Diaspor Komitəsinin rəhbəri Fuad Muradov ölkə başçısının etimad göstərərək təyin etdiyi gənc bir kadır. Sizlərin “ayı xidmətinə” də heç ehtiyacı yoxdur. Bu günə qədər Azərbaycanın haqq davasında Diaspor Komitəsinin bütün fəaliyyətində birgə hərəkət etmişik, edəcəyik də.
Biz həmişə dövlətimizin yanında olmuşuq, digərləri kimi çətin anda gizlənən deyil, ən ağır anlarında belə döyüşən əsgəri olmuşuq. Bu gün də eyni mövqedəyik.
Qeyd: Nə qədər qəribədir ki, Paşinyanın Xocalı ilə bağlı sitat gətirdiyi sözləri yazan mətbu killer dünən də, bu gün də bizim ailənin üzərinə çamur atmaqdadır. Çox sevinirəm ki, üstümüzə yeriyənlər bu yollarla vətənə xəyanət maddəsini heç vaxt adlarından silə bilməyənlərdir.

 

COP29