“Yaxın müddətdə ölkədaxili siyasi prosesləri aktivləşdirəcək hadisələrin olacağı hələ ki, gözlənilmir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında daxili siyasi proseslərdəki durğunluğu dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.
Elşad Musayevin fikrincə, kənardan hakimiyyətdaxili ziddiyyətlərin böyüməsi təsəvvürü yaransa da, bu, yanlış qənaətdir:
“Daxili siyasi həyatda hərəkətliliyin olmaması haradasa təbiidir. Çünki prezident seçkiləri bir müddət əvvəl keçirilib və yaxın gələcəkdə yeni seçkilərin təşkili nəzərdə tuulmur. Bu baxımdan, siyasi qüvvəllərin fəallıq göstərməmələri başa düşüləndir.
Digər tərəfdən, nəzərə alınmalıdır ki, hakimiyyət müxalifət qüvvələrinin fəaliyyətini məhdudlaşdırmaq üçün bütün vasitələrdən istifadə edir.
Ona görə də, hesab edirəm ki, yaxın gələcəkdə prosesləri akrivləşdirəcək hadisələrin olacağı gözlənilmir. Bəziləri hakimiyyətdaxili qrupların rəqabətini və bu mübarizənin şiddətlənəcəyini gözləyirlər.
Ancaq mən belə düşünürəm ki, xüsusilə son seçkilərdən sonra hakimiyyət daxilində ziddiyyətlərin böyüməsi təsəvvürü yanlışdır. Başqa sözlə desək, hakimiyyətin daxilindəki sabitsizlik görüntüsü aldadıcıdır.
Eyni zamanda, bu dönəmdə Azərbaycanda siyasi proseslərə təkan verəcək xarici faktorların aktivləşəcəyinə də fərqli yanaşıram. Bütün bunları nəzərə alaraq fikirləşirəm ki, proseslərin sürətlənməsi elə də yaxın zamanların məsələsi deyil”.
A.Zeynalov