Elşən Cəbrayılovu cəzadan qoruyan GİZLİ HAMİLƏR: Mərhum deputatın qardaşına “toxunulmazlıq” qazandıranlar kimdir?

Milli Məclisin sabiq deputatı, ali qanunvericilik orqanında üç dönəm təmsil olunan, lakin dələduzluqda suçlanaraq həbs edildikdən sonra 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişən mərhum Rafael Cəbrayılovun adı həyat yoldaşı Aidə Cəbrayılova tərəfindən yenidən gündəmə gətirilib.

Yenicag.az-a açıqlamasında həyat yoldaşının ölümü ilə bağlı ciddi qeyri-müəyyənliklərin olduğunu diqqətə çatdıran Aidə xanım, eyni zamanda, sabiq deputatın ittiham edildiyi dələduzluq əməllərinə dair ilginc detalları da ictimailəşdirib.

Xanım Cəbrayılovanın bildirdiyinə görə, mərhum həyat yoldaşı müxtəlif dələduzluq əməllərində və çox sayda insana külli miqdarda zərər vurmaqda ittiham edilərək həbsə atılsa da, əslində, onun haqqında danışılan qanunsuz əməllərdə hər hansı iştirakı olmayıb. Aidə xanım Rafael Cəbrayılovun həbsinə səbəb olan əməlləri reallıqda onun qardaşı Elşən Cəbrayılovun törətdiyini deyib.

Doğrudan da, Rafael Cəbrayılovun adının hələ sağlığında uzun müddət vurğulanan dələduzluqlarda hallanmasına baxmayaraq, bu işlərdə sadəcə onun adından istifadə edildiyi, vətəndaşları aldadan, onları böyük maddi zərərə uğradan şəxsin məhz Elşən Cəbrayılov olduğuna dair mediada məlumatlar yayılmışdı. O baxımdan, indi Aidə Cəbrayılovanın da qaynı barəsində səsləndirdiyi fikirlərin heçdən qaynaqlanmadığını söyləmək üçün əsas var.

Qeyd edək ki, vaxtilə Rafael Cəbrayılova qarşı məhkəmə iddiası qaldıran və onun həbsinə nail olan 11 nəfər zərərçəkənin Binəqədi Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında verdikləri kollektiv şikayət obrazlı desək, “hüquqi boşluğa” düşüb.

Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımovun, o cümlədən onun sələfi Sədrəddin Hacıyevin oğullarının müvafiq olaraq Baş Prorurluqda və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) işləmələri sayəsində Baş Prokurorluqla Binəqədi Rayon Məhkəməsi arasında Elşən Cəbrayılovu hüquqi məsuliyyətdən yayındırmaqla bağlı “centlmen sazişi”nin bağlanması qənaətini formalaşdırır.

Aydın deyil, Binəqədi Rayon Məhkəməsinin hakimi Mahirə xanımın məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti geri qaytarmaq barədə artıq apellyasiya instansiyasında ləğv edilmiş qərarı Cinayət-Prosessual Məcəlləsinə (CPM), yoxsa hansısa başqa bir qanuna əsaslanır?

Digər tərəfdən, “Qanundankənar norma kəşf edib” şikayəti geri qaytaran hakimə yenə də həmin işə baxılması həvalə olunursa, onun bu barədə verəcəyi növbəti qərarın məzmununu təxmin etmək qətiyyən çətin deyil.

Çox maraqlı və təəccüblüdür, kifayət qədər əsaslar olduğu halda, KQMBİ və Binəqədi Rayon Məhkəməsi məhkəməsi Elşən Cəbrayılov barəsində cinayət işinin başlanmasına nəyə görə bu qədər israrla mane olur?

Yeri gəlmişkən, bəhs olunan 11 şikayətçidən birinin təkidi ilə Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma Elşən Cəbrayılovun bir epizod üzrə cinayət əməlini sübuta yetirdiyi üçün onun həbsinə qərar verilib. Lakin şikayətçiyə (1 nəfər) dəyən zərəri tez-tələsik ödədikdən sonra onun azadlığa buraxılması
prokurorluğun obyektivliyinə birmənalı şübhə yaradır.

Görün Elşən Cəbrayılovun qorunması nə qədər vacib missiyaya çevrilib ki, Baş Prokurorluğun təmsilçilərinin və müstəntiqlərin məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmur. Ona görə də məhkəmənin bu işin öhdəsindən gələ bilməməsi veriləcək qərarın hakim tərəfindən deyil, yüksək kabinetlərdə qəbul ediləcəyi təsəvvürünü yaradır.

Hər şeyin aydın şəkildə ortada olduğu vəziyyət ətrafında nədən süni duman yaradılır? Axı məlumdur ki, sözügedən dələduzluq əməllərində mərhum Rafael Cəbrayılovun birbaşa iştirakı olmayıb. Yəni görülən işlərdə mərhumun imzası və ya iştirakını təsdiqləyən hər hansı başqa dəlil yoxdur. Göründüyü qədər, bu əməllərdə mərhum deputatın nüfuz və statusundan yararlanaraq onu ustalıqla “xərcləyiblər”.

Yeri gəlmişkən, mərhum deputatın özü də o vaxt qardaşının əməllərindən bezərək onun barəsində KQMBİ-yə 18 səhifəlik şikayət ərizəsi yazıb Elşən Cəbrayılovun saxta arayış və müqavilələri necə “rəsmiləşdirdiyini” ətraflı təsvir edərək onun 8 milyon manat məbləğində vergidən yayındığı haqda məlumat da vermişdi. Lakin KQMBİ sabiq deputatın ərizəsinə və orada yer alan faktlara, yumşaq desək, heç bir maraq göstərmədi.

Buna baxmayaraq, vətəndaşlara qarşı dələduzluq əməllərində iştirakı maliyyə arayışları ilə, müqavilələrə atdığı imza və möhürlə təsdiqlənən Elşən Cəbrayılova isə gizli əllər tərəfindən toxunulmazlıq immuniteti yaradılır. Üç dönəm deputat olmuş mərhum Rafael Cəbrayılov “xərclənib” bitirilsə də, universiteti onun hesabına alayarımçıq başa vuran Elşən Cəbrayılov vacib persona qədər qorunur.

Yuxarıda toxunulduğu kimi, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə içəri salınsa da, himayədarları qısa müddətdə onu azadlığa çıxarmağa nail oldular. Belə bir şəraitdə Binəqədi Rayon Məhkəməsinə verilmiş məlum şikayətin, ümumiyyətlə, nə vaxtsa araşdırılacağı böyük sual altındadır.

Ancaq bu vəziyyətin sonsuza qədər belə davam etməsi də mümkün deyil. Hər halda, qanunun Elşən Cəbrayılovdan və onun hamilərindən daha güclü olduğuna dair ümid hələ ki ölməyib…