Elxan Şahinoğlu: “Moskvanın Qarabağ konfliktinə münasibətində dəyişiklik olmayıb”

“Kuznetsovun fikirləri reallıqdan uzaq və sadəcə bizdə ruh yüksəkliyi yaratmağa hesablanıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu rusiyalı tarixçi alim və analitik Oleq Kuznetsovun fikirlərini şərh edərkən deyib.

O, bu kimi çıxışlara bel bağlamağın düzgün olmadığını vurğulayıb:

“Artıq neçə illərdir ki, bir çox rusiyalı politoloq Moskvanın Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək edəcəyini, dəstək olaraq mövqeyini dəyişəcəyini bildirir. Amma ortalıqda heç nə yoxdur. Moskvanın mövqeyi qətiyyən dəyişməyib. İllərlə Rusiya ilə görüşlərdə Moskvaya göstərdik ki, Azərbaycan daha faydalı tərəfdaşdır, nəinki Ermənistan. Buna baxmayaraq, Moskvanın konfliktə münasibətində dəyişiklik olmayıb. ABŞ isə hətta 2000-ci ildən bu yana münaqişənin həllinə ümumiyyətlə maraq göstərmir. Rusiyada politoloqların sayı çoxdur, hərə də bir fikir deyir. Öncəki illər də münaqişə ilə bağlı təxminən eyni fikirləri səsləndirirdilər. Lakin heç nə dəyişməyib. Problem ondan ibarətdir ki, münaqişə həll olunmur. Nə Rusiya, nə də ABŞ, heç biri konfliktin həlli üçün işğalçıya təsir etmir. Fakt məhz bundan ibarətdir. Oleq Kuznetsov tez-tez Bakıya gəlir. Sağ olsun, Azərbaycanın mövqeyini dəstəkləyir. Rusiyanın guya ABŞ-ın acığına Azərbaycana münaqişəni hərbi yolla həll etməyə imkan verəcəyini söyləməklə guya bizdə ruh yüksəkliyi yaratmaq istəyir. Amma biri var reallıq, biri də var hansısa bir optimist açıqlamalar verəsən. Təəssüf ki, münaqişə ətrafında söylədiklərimiz optimist açıqlamalar bəzən reallıqla uzlaşmır”.

Qeyd edək ki, Oleq Kuznetsov minval.az saytına müsahibəsində Rusiyanın ABŞ-a ciddi siyasi zərbə vurmaq üçün Azərbaycanın işğal altındakı ərazilərini hərbi yolla geri qaytarmağa icazə verə biləcəyini deyib.

ELÇİN

COP29