Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 110,7 milyon manat vəsait köçürüb.
Yenicag.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 11 aylıq ödənişin 87,7 milyon manatı özəlləşdirmə, 23 milyon manatı isə icarə hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 58 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 16 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 538 nəqliyyat vasitəsi, o cümlədən 1 helikopter özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 359 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 98 onlayn qoşulma reallaşıb. Bundan başqa, 27 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Ötən 11 ayda 3 651 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 789-u qeyri-yaşayış, 2 862-i isə torpaq sahələrinə aid olub.