“Əgər işçilər birmənalı şəkildə buna qarşı olsa, işəgötürən qanunsuz, yəni müqavilə olmadan işçi tapa bilməz”.
Bu sözləri işəgötürən şəxslərin qanunsuz şəkildə, əmək müqaviləsi olmadan qəbul edilməsinə münasibət bildirən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirli Yenicag.az-a açıqlamsında qeyd edib.
O bildirib ki, bu məsuliyyət tədbirlərinin sərtləşdirilməsi heç də qanun pozuntularına gətirib çıxarmır:
“Öncə bunu qeyd etmək lazımdır ki, Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətlərdə isə mövcud ictimai nünasibətlər qanunlar və normativ aktlarla tənzimlənir. Respublikanın Konstitusiyasına əsasən hər kəsin hüquq və azadlıqları təsbit olunub. Eyni zamanda işçi və işəgötürən münasibətləri “Əmək Məcəlləsi” ilə tənzimlənir. Bununla bağlı ayrıca normativ akt da var.
Diqqətə çatdırmaq istərdim ki, işçinin müqaviləsi olmadan və ya bu müqavilə qüvvəyə minmədən onun fəaliyyətində təkcə işəgötürən deyil, eləcə də həmin işçilərin də kifayət qədər məsuliyyəti var. Çünki hər kəs öz hüquqlarını bilməlidir. Qanunları bilməmək məsuliyyətdən azad etmir. Əgər işçilər birmənalı şəkildə buna qarşı olsa, işəgötürən qanunsuz, yəni müqavilə olmadan işçi tapa bilməz.
Buradan belə aydın olur ki, buna razılıq verən tərəf də var ki, bu kimi hallarla qarşılaşırıq. Təbii ki, qeyd etdiyim hallarla rastlaşarkən işəgötürən tərəf çox yüksək miqdarda cərimələnir. Bununla bağlı inzibati və cinayət məsuliyyəti qanunvericiliyimizdə əks olunub.
Onu deyə bilərəm ki, bu məsuliyyət tədbirlərinin sərtləşdirilməsi heç də qanun pozuntularına gətirib çıxarmır. Bunu dünya praktikasından da görmək olar. Hər bir halda bu məsələdə işəgötürən şəxslərlə yanaşı işçilər də məsuliyyətli davranmalıdırlar. Çünki nəzər yetirsək, işçilər işəgötürən tərəfdən say baxımından dəfələrlə çoxdur. Bu halda işçilərin dövlət, qanun və hüququn yanında olması problemin kökündən həll edilməsinə gətirib çıxaracaq.
Amma hər bir halda heç bir cəmiyyət bu cür qanunsuz və hüquqa zidd addımlardan sığortalanmayıb. Yüzilliklər boyu dövlətçilik tarixi olan ölkələrdə belə, bu kimi məsuliyyət tədbiri yaradan addımların şahidi oluruq. Məhz bu baxımdan müvafiq qanunlar və məsuliyyət tədbirləri mövcuddur.
Fikrimcə, işəgötürən tərəf bu mənada məsuliyyətli davranmalıdır. Onlar da bunun şahidi olur ki, dövlət bu məsələdə prinsipial mövqedədir.
Bütün bu tədbirlər dövlət tərəfindən həmin işəgötürən şəxsləri cərimə edib dövlət büdcəsini artırmaq məqsədi daşımır. Bu, elə bir ciddi vəsait formalaşdırmır. Lakin tədbirlərin sərtləşdirilməsi əslində işəgötürənləri və bu şəraiti yaradan işçiləri qeyd olunan hallardan yayındırmaq məqsədi daşıyır.
Hesab edirəm ki, dövlətin bu sahədə sərt və həssas yanaşmasını görən hər bir şəxs qanunazidd tədbirlərdən çəkinməli və hüququn yanında olmalıdır. Əgər sadalanan bütün məqamlar aradan qalxacaqsa, hüquqi dövlət olan Azərbaycanın maraqlarına xidmət edəcək.
Bu kimi halların baş verməməsi üçün məlumatların kifayət qədər tirajlanması məqsədəuyğundur. Təəssüflər olsun ki, bəzən cəmiyyətin inzibati resursların təsiri altında olduğunun şahidi oluruq. Yəni inzibati qaydada tətbiqi olmadan bəzən insanlar hüquqazidd addımlardan çəkinmirlər. Bu cür maarifləndirmə tədbirləri gələcəkdə işəgötürənləri cərimələrin yüksək olmasını nəzərə alaraq qanunsuzluqlardan çəkinməyə sövq edəcəksə, dövlətin qarşıya qoyduğu məqsədlərə xidmət etmiş olacaq”.
Yusif Səmədzadə