Əməkdar artist: “60 yaşı var, 30 yaşındakı qız kimi…”

Əməkdar artist, tanınmış aktrisa Xalidə Quliyeva yaşlı aktrisaların gənc rollarda çıxış etmək arzusundan danışıb.

Yenicag.az-a açıqlama verən aktrisa teatrda bunun mümkün olduğunu desə də, kinoda və serialda alınmadığını bildirib:

“İstənilən aktrisa gənc qız obrazında çıxış etmək istəyir. Bədən forması, fiziki görkəmi buna imkan verirsə, yaşından çox cavan görünürsə, bu, mümkündür – amma teatrda, kinoda yox. Doğrudan da elə aktrisalarımız var ki, yaşından cavan görünür. Baxırsan 60 yaşı var, 30 yaşındakı qız kimi görünür. Səhnədə fiziki qüsurları ört-basdır etmək olur, amma kinoda, serialda yox. Ən azı gözlər, baxışlar, düşüncə onu ələ verəcək. Yaxından tanıdığım çox məşhur bir aktrisamız var, 40 yaşı olanda ona kinoda 25 yaşlı qız obrazını təklif etdilər, razılıq vermədi. Dedi ki, fiziki görkəmim uyğun gəlsə də, düşüncə, həyata baxış istər-istəməz özünü büruzə verəcək. Bir çox məşhur aktrisalarımız zaman-zaman yaşlarından həm böyük, həm də kiçik obrazlar yaradıb. Məsələn, Nəsibə Zeynalova hər zaman yaşından böyük obrazları canlandırıb. Onu da deyim ki, aktrisanın yaşından qoca obrazları oynaması daha çətindir…”.

Cəvahir