Tanınmış rejissor və aktyor, Əməkdar artist Sərvər Əliyev Azərbaycanda yaradıcılıqla məşğul olmayacaq.
Bunu Yenicag.az-a açıqlamasında rejissor özü bildirib.
O, bunun səbəbini Dərbənd şəhərinə köçməsi və fəaliyyətini orada davam etdirməsi ilə əlaqələndirib.
Dərbənd Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin olunan Sərvər Əliyev məzuniyyətdə olduğu üçün Bakıya gəldiyini bildirib:
“Azərbaycanda olmayacağam ki, hansısa bir seriala yaxud da filmə çəkilim. İyul ayından Dərbənd Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin olunmuşam, yəni artıq Azərbacanda olmayacağam. Yaradıcılığımı həmin teatrda davam etdirəcəyəm. Əslinə qalsa, vaxtilə mənə təklif olunmuşdu ki, film çəkim. İmtina etdim, dedim, mənim sahəm deyil, teatr rejissoruyam. Əlimdə iki qarpız tutmağı heç sevmirəm.
Sentyabrın 24-də teatrımız mövsümü açacaq. Tam yaradıcılığımı artıq bu teatra yönəltmişəm. Buna görə də Azərbaycan tamaşaçısı hər hansı serial, yaxud da filmdə obrazımı görə bilməyəcək”.
Cəvahir