“27 ilik zaman kəsiyi az müddət deyil, bir igidin ömrüdür. Bilmirəm vaxt ketdikcə uzanır, yaş üstünə yaş gəlir, ya nədəndirsə, artıq bu həsrətə dözə bilmirəm”.
Bunu Yenicag.az-a açıqlamasında Ağdam rayonunun işğalının 27-ci ilində əməkdar artist, tanınmış xanəndə Təyyar Bayramov vətən həsrətindən danışarkən deyib.
Xanəndə vətən nisgilinin getdikcə dözülməz olduğunu bildirib:
“Düz 27 ildir ki gözəlliyi ilə dillərə dastan olan o cənnət Ağdam düşmən işğalı ilə xarabazara çevrilib. Hər an, hər dəqiqə o yerləri düşünürəm, yuxularımdan, beynimdən çıxmır. O torpaqda doğmalarımız uyuyur, o məzarları ziyarət edə bilmirik. Bundan ağır dərd ola bilməz. Hər an torpaqlarımızı işğaldan azad edəcəyimiz günün arzusuyla alışıb-yanıram. Artıq bıçaq sümüyə dirənib. İnsanı vətən, torpaq həsrəti qədər üzən, sarsıdan ikinci nisgil tanımıram”.
Cəvahir