Əməkdar artist: “Dedilər, baxma… Ürəyin partlayıb öləcəksən”

“Evdəkilər gəlib televizoru söndürürdülər ki, bəsdir baxdın, ürəyin partlayıb öləcəksən”.

Bu sözləri tanınmış aktyor, Əməkdar artist Sərvər Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor qardaş ölkədə baş verən dəhşətli zəlzələdən şok yaşadığını bildirib:

“Bu zəlzələ türk dünyasına gözlənilməz zərbə oldu. Adam söz də tapmır deməyə. İki sutka gecə-gündüz yatmadım, o dəhşətli görüntülərə, dağıntılar altından çıxarılan və möcüzə nəticəsində sağ qalan insanlara, qarlı-şaxtalı havada küçələrdə donan fəlakət qurbanlarına baxdım, şok yaşadım. Özümdən asılı olmayaraq gözümdən yaş leysan kimi axırdı. Hətta evdəkilər gəlib televizoru söndürürdülər ki, bəsdir baxdın, ürəyin partlayıb öləcəksən.

İnanıram ki, qısa müddətdə əl-ələ verib o şəhərləri yenidən tikəcəklər. Amma heyf ki, o insanlar o faciədə həyatlarını itirdi.

Malaziyadan olan dostum rejissor Rasim Aşın zəlzələ baş verən gecə avtobusda həmin ərazidə olmuşdu. O, hadisənin görüntülərini göndərmişdi mənə, baxanda adam dəhşətə gəlir. Qarlı havada insanlar ayaqyalın, gecə geyimində evlərindən qaçır, evlər uçulur, insanlar dağıntılar altında qalır… İnsan o videolara ürək ağrısı olmadan baxa bilmir”.

Cəvahir