Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva Kanadada solo-konsert proqramı ilə çıxış edib.
Yenicag.az-a açıqlama verən əməkdar artist konsertin Azərbaycan-Kanada İncəsənət Mərkəzinin təşkilati dəstəyi ilə baş tutduğunu deyib:
“Cümhuriyyətimizin 100 illiyi ərəfəsində Kanadada Novruz bayramı münasibəti ilə solo-konsert verdim. Azərbaycan musiqilərini böyük maraqla qarşılayan əcnəbi tamaşaçılar heyranlıqlarını rəqslərlə bildirirdilər. Dahi Üzeyir Hacıbəylinin “O olmasın bu olsun” operettasından bir parçanı ifa edəndə zalda çoşqu yaşandı. Mənim üçün ən təsirli məqam bu idi ki, musiqilərimiz səsləndikcə, xaricdə yaşayan soydaşlarımız və əcnəbi tamaşaçılar dalğalanan Azərbaycan bayraqlarını öpürdü. Kanada televiziyalarında bu konsert “Azərbaycan musiqisi Şimali Amerikaya gəldi” başlıqlı xəbərlərlə təqdim olundu”.