Əməkdar artist: “Efirləri məhkəməyə döndəriblər”

“Son vaxtlar sosial veriliş adı ilə hansısa boşanmış, yaxud da ailədaxili problemi olan bir insanı çıxarırlar efirə. Sonra da başlayırlar onu mühakimə etməyə, ona ağıl öyrətməyə. Həmin şəxs də, məsləhət alırmış kimi başlayır onlardan imdad diləməyə. Ayıbdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında söyləyən əməkdar artist, aktyor Elxan Rza belə verilişlərin cəmiyyətdə qıcıq doğurduğunu bildirib.

Aktyor aparıcıları və həmin verilişlərə ekspert qismində dəvət olunan sənət adamlarını sərt tənqid edib:

“Belə insanları efirə çıxarmağa ehtiyac yoxdur. Bunun üçün hüquq mühafizə orqanları var ki, həmin adamlar onlara müraciət edib, problemini həll edə bilər. Yoxsa ki, onları efirə çıxarmaq və mühakimə etmək düzgün deyil. Verilişdə bu səlahiyyəti icra edə bilən hüquqşünas qalır qıraqda, aparıcı, eləcə də ekspert qismində dəvət olunan müğənni, aparıcı və digər sənət adamları düşürlər həmin şəxsin üstünə, ona ağıl öyrədirlər. Bu yolverilməzdir. Bu, həmin şəxsi ələ salmaqdır. Belə verilişləri səviyyəli tərzdə təqdim etsələr, sözüm yox, amma hamam səviyyəsində olan belə verilişləri efirdən yığışdırmaq lazımdır. Baxıram aparıcıların həmin şəxslərə işlətdikləri ifadələr də sosial şəbəkələrdə lağa qoyulur, sərt qarşılanır”.

Cəvahir

COP29