Əməkdar artist GÖZ YAŞI TÖKDÜ: “Daha ürəyim dözmür”

“Türkiyədə baş verən dəhşətli fəlakət hamımızı sarsıtdı. Şok vəziyyətindəyik. Daha ürəyim dözmür”.

Bunu göz yaşları içərisində tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirən onminlərlə insanın acısına dözə bilmədiyini bildirib:

“Bu nə dəhşətdir İlahi, əsrin ən böyük faciəsi yaşanır. Ölənlərin sayı durmadan artır, yaralılar saya-hesaba gəlmir, dağıntılar altında hələ nə qədər insanlar qalıb. O görüntülərə baxanda adam dəhşətə gəlir. Ürəklər parçalanır. Türkiyənin dərdi bizim dərdimizdir. Dağıntılar altından çıxan hər sağ uşaq, yaşlı, cavan insan məni ümidləndirir, amma faciənin miqyası o qədər böyükdür ki, adam bunu düşünəndə dəhşətə gəlir. Bu, bizim də matəm sayılır. Mənim üçün sanki həyat dayanıb. Gecə-gündüz dua edirəm ki, o dağıntıların altından insanlar sağ çıxsınlar. Bir möcüzə gözləyirəm. Tək mən yox, elə hamımız qardaş ölkənin acısını öz acımız bilirik”.

Cəvahir