Əməkdar artist, tanınmış aktrisa Nəsibə Eldarova gənc həmkarları ilə bağlı fikirlərini dilə gətirib.
Yenicag.az-a açıqlama verən aktrisa istedadlı aktyorların potensialının hələ də üzə çıxarılmamasından gileylənib:
“Vaxtilə elə rejissorlarımız vardı ki, tanınmayan, gənc aktyorları filmlərinə çəkməklə, onları kəşf edirdi. Bu gün bizə elə sənətkarlar lazımdır. Nə vaxtsa söz düşəndə desinlər ki, filan rejissor da filan aktyoru kəşf etdi. Axı istedadlı gənclərimiz çoxdur. Aktyor eyni zamanda pul da qazanmalıdır. Çünki onun dolanışığı peşəsindən çıxır. Aktyorun başqa sənəti yoxdur ki, gedib qazanc əldə etsin. Gedib göyərti dəstələyəsi deyil ki? Bəzən deyirlər ki, Hollivudda aktyor bir filmdən 15 milyon qonorar alır. Əlbəttə biz indi durub özümüzü Amerika ilə müqayisə edə bilmərik. Rinqə də 50 kilo çəkisi olan idmançı ilə 100 kiloluq idmançını çıxartmırlar. Sadəcə olaraq, aktyor öz ölkəsindəki reallıq nəzərə alınmaqla, zəhmətinə görə qiymətləndirilməlidir. Söhbət özümdən getmir, çünki dolanışığımdan narazı deyiləm. Amma filmlərə çəkilməyən, hələ də oturub, rol gözləyən həmkarlarım var. Onlar da çəkilmək istəyir”.
Yeni mövsümdə heç bir serialda rol almayan aktrisa bunun səbəblərini açıqlayıb:
“Bir seriala dəvət etdilər, razılaşmadım. Çünki digər bir serialdakı roluma bənzəyirdi. Mən fərqlilik istəyirəm. Bir dəfə “ləçər” obrazı yaradanda, digər filmdə tam fərqli bir rol oynamaq istəyirəm. Bənzər obrazlarla tamaşaçının gözünü yormaq olmaz. “Ləçər” obrazı yaratmaqdan isə bezdim”.
Cəvahir
Yenicag.az