Əməkdar artist: “Oğlanlar pullu qız axtarır, qızlar da…”

Əməkdar artist, tanınmış aktrisa Suğra Bağırzadə koronavirusun insanları silkələmək üçün bir vasitə olduğunu deyib.

Yenicag.az-a açıqlama verən aktrisa adamların, dəyərlərin, münasibətlərin çox dəyişdiyini, mərhəmət hissinin azaldığını bildirib:

“İnsanlar çox dəyişib, oğlanlar evlənmək üçün pullu qız, qızlar ərə getmək üçün vəzifəli, evli-eşikli, maşınlı oğlan axtarır. Koronavirus insanları silkələdi ki, pul hər şeyi həll etmir, mərhəmətli olun, bir-birinizi sevin, dəyər verin, paylaşın, həyatı doya-doya yaşayın. Milyonlar, bahalı villalar, avtomobillər insanı xoşbəxt etmir”.

Aktrisa karantin günlərində ən çox doğmaları üçün darıxdığını deyib:

“Doğmalarım üçün çox darıxmışam, bacılarımı, qızlarımı, nəvələrimi bağrıma basa bilmirəm. Həsrətlə gözləyirəm ki, kimsə qapımı açsın. Bir ay yarımdır ki, nəvələrimi görə bilmirəm. Mən anladım ki, doğmaların, insanların təması olmadan yaşamaq mənasını itirir. Koronavirus insanlara sevgi göstərməli, bölüşməyi, gərəkli olmağı öyrətdi, bunu bir daha xatırlatdı”.

Cəvahir