Əməkdar artist: “Oğlumu döyəndə dedilər, əcəb eləmisən”

Əməkdar artist, tanınmış aktyor Qurban İsmayılovun doğum günüdür. Bu gün o, 58 yaşını tamamlayır.

Təəssüratlarını Yenicag.az-la bölüşən aktyor rəqəmlərin onun üçün əhəmiyyət daşımadığını bildirib:

“Təbii ki, yaş üstünə yaş gəlir, qocalırıq, amma rəqəmlər mənim üçün əhəmiyyət daşımır”.

“Əsas odur ki, sevdiyim işlə məşğulam və buna görə özümü xoşbəxt insan sayıram”- deyən aktyor tamaşaçı sevgisini ən böyük hədiyyə kimi qəbul etdiyini bildirib:

“İlk hədiyyəni həyat yoldaşım və uşaqlarımdan aldım. Eyni zamanda, tamaşaçılar yazır, təbrik edir. Bax indi yağışın altında dayanacaqda durmuşam, yanımdakı insanlar xoş sözlər deyir. Bundan böyük hədiyyə nə ola bilər axı?”

Son vaxtlar “Ata ocağı” serialının Nazimi kimi sevilən əməkdar artist tamaşaçılar tərəfindən obrazının maraqla qarşılandığını deyib:

“Bu serialda canlandırdığım obrazla bağlı sonradan mənə çox yazdılar. Bir xanım yazdı ki, mən elə bilirdim atam məni çox istəmir, sən demə, çox istəyirmiş. Sadəcə olaraq sevgisi içindəymiş. Biri yazdı ki, ata şirinliyini sizdə gördüm. Hətta serialda oğlum Rəşidi döyəndə dedilər, əcəb eləyib döymüsən, hələ gərək bir-iki sillə artıq çəkəydin. Bu hərəkətim tamaşaçılar tərəfindən aqressiya ilə qarşılanmadı. Çünki, bilirdilər səbəbini”.

Aktyor arzularından da danışıb:

“Övladlarımın xoşbəxtliyini görmək arzusundayam. Dörd yaşlı kiçik övladım da var. Onu da bir tərəfə çıxarmaq, xoşbəxtliyini görmək istəyirəm”.

Cəvahir

 

COP29