Əməkdar artist SARSINTI İÇİNDƏ: “Bu, qardaş müsibətidir”

“Evlər-yuvalar dağılır, insanlar, körpə balalar dağıntılar altında can verir, hər kəsin ürəyi qan ağlayır. Bu, qardaş müsibətidir. Ürək dözmür bu fəlakətə…”

Bunu zəlzələ nəticəsində Türkiyədə yaranmış sarsıdıcı vəziyyətdən danışarkən tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor qardaş Türkiyədə baş verən dəhşətli hadisələrdən sarsıldığını, dua etməkdən başqa çarəsi olmadığını bildirib:

“Acımız o qədər böyükdür ki, sözə sığmaz. Günlərdir ki, bu dəhşətli hadisələrin təsiri altındayam. Bu, qardaş müsibətidir. Bütün dünya üçün bu hadisə dəhşətdir. Evlər bir anda yerlə-yeksan olub, dağıntılar altında qalan insanlar kömək diləyir, həlak olanların və yaralıların sayı-hesabı yoxdur. Ah-nalə ərşə dayanıb. Bu, nə bəla idi, bacı-qardaşlarımızın başının üstünü aldı. Allahım sən özün kömək ol. O dəhşətli görüntülərə baxanda dünya başıma uçur. Danışa bilmirəm, qəhər məni boğur. Bir onu deyirəm ki, Allah türk xalqını qorusun. Acınız acımızdır Türkiyə. Gecə-gündüz dua edirik, əlimizdən başqa heç nə gəlmir”.

Aktyor hadisə baş verən gün qardaş ölkədə yaşayan dostlarına zəng edib:

“Bu dəhşətli hadisə baş verən gün qardaş ölkədə yaşayan dostlarıma, tanışlarıma zəng etdim. Şükürlər olsun ki, onlar zəlzələ baş verən ərazidə olmayıblar”.

Cəvahir