Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov nəhayət ki, serialda görünəcək.
Yenicag.az-a açıqlama verən aktyor ilk dəfədir ki yerli serialda çəkildiyini deyir:
“Rejissor Ramin Hacıyevin çəkdiyi “Xalxın evi” komediyasında baş rolu mənə həvalə ediblər. Artıq çəkilişlər başlayıb. Sözün düzü, düşünürdüm ki, bu gün reytinqləri dağıdan “Vicdan haqqı” serialı nümayiş olunur, hansısa serialda çəkilsəm, çətin baxılar. Ramini tanıdığım üçün bildim ki. bu serial baxılacaq və tamaşaçını ekran qarşısına toplaya biləcək. Şou əhlinin təbirincə desəm, serial “partladacaq”. Çünki Ramin çox istedadlı rejissordur. O, məni inandırdı və belə deyim də “saqqızımı” oğurladılar. İkiillik müqavilə bağladım və bu müddət ərzində bir neçə seriala çəkiləcəm”.
Əməkdar artist obrazından da danışıb:
“Mikayıl adlı əvvəllər iş adamı olan, sonradan müflisləşmiş bir biznesmenin obrazını canlandırıram. Var-dövləti əlindən çıxan Mikayıl kəndlərinə qayıdır. Hamı elə bilir ki, Mikayıl əvvəlki kimi varlıdır, pulu başından aşır. Hansı ki, kəndə olan-qalan bir pulqabısı ilə gəlib. Onu da yolda itirir. Pulqabının da içindən sevgilisinə yazdığı məktub çıxır. Hadisələr də bundan sonra cərəyan edir, onun arvadına xəbər verirlər ki, bəs ərinin gizlin sevgilisi var. Qırğın düşür, nə düşür… Bu seriala baxan tamaşaçının gülməkdən ürəyi gedəcək”.
Cəvahir
Yenicag.az