Əməkdar artist: “Zəfər Günü aşağı salınmış başımızın dik tutulduğu gündür”

“Zəfər Günü bizim üçün hər şey deməkdir. Aşağı salınmış başımızın dik tutulduğu gündür Zəfər Günü”.

Bu sözləri tanınmış aktyor və rejissor, Əməkdar artist  Nofəl Vəliyev 8 Noyabr – Zəfər Günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

Rejissor illər öncə onu sarsıdan acı xəbəri xatırlayaraq bu günə şükür etdiyini bildirib:

“Şuşa işğal olunanda 3-cü kursda oxuyurdum. O qədər böyük sarsıntı keçirmişdim ki… Evə çatıb: “Yox, yox”, – deyə qışqırdım. Və dəftərə belə bir söz yazdım: “Xəyanət !!! Hər şeyin başında xəyanət durur. Bu gün Şuşanın müvəqqəti işğal olunmasının səbəbi xəyanətdir”.

O dəftəri uzun illər saxlamışdım. Təəssüf ki, hansı köçdəsə onu itirdim. O vaxt içimdən gələn bu idi. Əmin idim ki, bu işğal müvəqqətidir. Sonradan illər keçdikcə bu əminlik bəzən öləzimişdi. Amma heç vaxt ölməmişdi. Şükür bu günlərə. Şəhid ailələrinin qarşısında baş əyirəm. Biz onların borcundan necə çıxacağıq? Yarım qalan arzuların hesabına zəfər çalmışıq. Bunu heç vaxt unutmayaq.

Ali Baş Komandanın ətrafında sıx birləşdirdi bizi zəfərə gedən yol. Azərbaycanda “Sən haralısan?” sualını yox etdi bu zəfər. Çünki başa düşdük ki, vətənimizin hər yeri, boz çöllərdən tutmuş, yaşıl dağlarımıza qədər qəhrəmanlar yetirir.

İnşallah ki, bir daha müharibə olmaz. Dünyanın hər yerində sülh olar. Zəfər Günü bizim hər şeyimizdir, sözün əsl mənasında”.

Cəvahir