Əməkdar artistdən SƏRT İRAD: “Küçədən gələnlə xalq artistinə fərq qoyulmur”

Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımovun “Azərbaycan teatrı-150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda səsləndirdiyi Sənət adamlarının 2006-cı ildən aldığı qonorar 60 manatdır, indi 60 manata aktyor ailə saxlaya bilərmi?!” fikirləri teatr cameəsində müzakirələrə səbəb olub. Bir çox sənət adamları rejissorun bu fikrinə haqq qazandırıb.

Yenicag.az-a açıqlama verən Əməkdar artist, aktyor və rejissor Sərvər Əliyev bu məbləğin tez bir zamanda artırılacağına ümid edir.

Küçədən gəlib filmə çəkilənlə illərini bu sənətə həsr edən peşəkarlara – Əməkdar və Xxalq artistinə fərq qoyulmadığını təəssüf hissi ilə bildirən Sərvər Əliyev bu tendensiyaya qarşı çıxıb:

“Mən özüm də həmin forumda iştirak edirdim. Nicat Kazımovun bu fikirlərinə tamamilə haqq qazardırıram. Mən özüm də dəfələrlə bununla bağlı fikirlərimi bildirmişəm və yenə də deyirəm ki, aktyorlara ödənilən məbləğ çox cüzidir. O məbləğlə yaşamaq mümkünsüzdür. Küçədən gəlib seriala, filmə çəkilənlə ali təhsilli aktyora, Əməkdar artist, Xalq artistinə fərq qoyulmur, ikisi də bir tutulur. Bu tendensiya artıq ləğv olunmalıdır. Aktyorlara yüksək məbləğdə qonorar ödənməlidir. Bu, onların halal haqqıdır”.

Cəvahir