“Kino aktrsiası kimi bəxtim gətirmədi. Çünki adamın adamı olmalıdır, mənim də arxamda duran adam olmadı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa, Əməkdar artist Hicran Nəsirova deyib.
Kinoda bir neçə epizodik filmlərə çəkilən aktrisa sonradan qarşısına sədd çəkildiyini bildirib:
“İlk dəfə olaraq 4-cü kursda oxuyanda “Mən mahnı qoşuram” filminə çəkildim. O da müəlimim rejissor Tofiq İsmayılovun dəvəti ilə. Sonradan bir neçə filmə təsdiqləndim, amma sonradan gördüm ki, mənim yerimə başqa aktrisalar çəkilib. Səbəbini bilmədim. O xasiyyət də məndə yox idi ki, gedim, kiməsə xahiş edim, yalvarım. Təsadüfən həmin rejissorlardan biri mənə dedi ki, Hicran, bilirsən səni niyə filmə çəkmədim? Dedim, mənə maraqlı deyil. Özü danışmağa başladı ki, sən baş qəhrəmandan daha gözəl olduğun üçün təsdiqlənmədin. Həmin aktrisaların və rejissorların adlarını çəkmək istəmirəm, çünki bəziləri haqq dünyasındadır.
Məni Türkiyədən də filmə dəvət etmişdilər, amma həmin vaxt teatrda premyera təhvil verməli olduğumuz üçün çəkilişlərə gedə bilmədim. Amma Gürcüstan filmi olan “Don Kixot”a çəkildim. Belə götürəndə, az sayda epizodik filmlərə çəkilmişəm. Amma o zaman çox incidim, küsdüm. Çünki hər bir aktrisanın arzusudur ki, filmlərə çəkilsin. Mənimki gətirmədi, yolumu kəsdilər. Yadıma salanda çox pis oluram”.
Cəvahir