Əməkdar artistin beyninə qan sızdı – SON DƏQİQƏ

Xəstəxanaya yerləşdirilən əməkdar artist Hicran Nəsirova səhhəti ilə bağlı Yeniçağ.az-a danışıb.

Ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya çatdırıldığını deyən aktrisa hələ də özünə gələ bilmədiyini dedi:

“Dünən səhər yuxudan duranda gördüm ki, hər şey gözümün qabağında uçur. Qışqırdım, səsimə qızım gəldi. Necə qorxdusa, tez qonşuda yaşayan həkimi çağırdı. Həkim mənə baxan kimi dedi ki, təcili yardım maşını çağırın, vəziyyəti pisdir. Qızım deyir gözlərin bərəlmişdi; özümdə deyildim. Fikirləşdim ki, beynimə qan sızıb. Ağır vəziyyətdə məni reanimasiyaya yerləşdirdilər. Təzyiqimi sala bilmirdilər. Heç vaxt məndə “şəkər” xəstəliyi olmamışdı, həmin gün yoxladılar ki, “şəkərim” də yüksəkdir. Hazırda iki saatdanbir mənə iynə vururlar, bilmirəm aqibətim necə olacaq. “Vicdan haqqı” serialının çəkilişləri zamanı çox yoruldum. Əsəblərim getdi. Hər şey üst-üstə yığıldı və məni xəstəxanalıq etdi”.

H. Nəsirova xəstəxanadan evə nə vaxt buraxılacağını da bilmir:

“Reanimasiyadan palataya köçürüblər. Həkimlər dəqiq söz demir, hələ ki, məni ayağa qaldırmaqla məşğuldurlar. Yaxşı ki, serialın bir çox bölümü çəkilib, yoxsa işimiz yarımçıq qalardı”.

 

Cəvahir Səlimqızı
Yeniçağ.az