“Əməliyyatlar onlar tamamilə tərk-silah olunana qədər davam etdirilməlidir” – Hərbi ekspert

“Azərbaycan ordusu çox ustalıqla, Rusiyanın əlinə bəhanə vermədən bu əməliyyatlar aparıb”.

Bunu dünən ordumuzun Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində keçirdiyi əməliyyat barədə danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, erməni tərəfi rahat yaşamaq istəyirsə, silahlı atıb sülhə gəlməlidir:

“Azərbaycanın səbr kasası daşmışdı. Görünən odur ki, üçtərəfli bəyanatın və müəyyən razılaşmaların hamısına Azərbaycan tərəfi əməl edib. Laçın dəhlizinə və Zəngəzur koridoruna gedən yol Azərbaycan tərəfindən inşa edilməkdədir və yaxın zamanlarda bitəcək. Ancaq biz buna erməni tərəfinin əməl etdiyini görmürük.

Üçtərəfli bəyanatdan sonra erməni tərəfi təxribat törətməyə cəhd etdi. Azərbaycan tərəfi həmin şəxslərin hamısını saxladı və onların bir qismi sonradan Ermənistana təhvil verildi, cinayət əməlləri olanlar isə həbsxanalarda cəzalarını çəkməkdədirlər. Bu hadisələrdən sonra xüsusi təxribatlara şahid olmurduq.

Son aylarda, xüsusilə ABŞ-dən Ermənistana yüksək səviyyəli şəxslərin gəlməsi, revanşist qüvvələrin mitinqlər keçirməsi və separatçı rejimin məsuliyyətsiz bəyanatları onu deməyə əsas verirdi ki, onlar heç də sülh danışıqları ilə məşğul olmaq fikrində deyillər. Onlar nəinki möhkəmlənmək, Şuşanı və Hadrutu yenidən işğal etməklə bağlı cəfəng iddialara düşmüşdülər. Onların əlində müəyyən silahların qaldığını bilirdim. Dünən görüntülər yayılanda gördük ki, orada nəinki yüngül, orta, hətta uzaqmənzilli silahlar tam hazır vəziyyətdədir. Bunu görəndən sonra sual yaranır ki, hansı sülhdən danışırlar, hansı tərk-silahdan söhbət gedir? Tanklar, BTR-lər, uzaqmənzilli toplar olan bölgənin varlığını hansı ölkə həzm edə bilər? Özü də qalib bir ölkə?!

Dünən bir əsgərimiz şəhid oldu. Bu da son damla oldu. Ardınca Azərbaycan ordusu hərəkətə keçərək lokal şəkildə müəyyən əməliyyatlar həyata keçirdi. Hərbi hissələrdəki topların müəyyən qismi məhv edildi, yerdə qalanları isə bütün dünyaya göstərildi ki, baxın, istər Fransa olsun, istər ABŞ, istər Rusiya olsun, hansı öz ərazilərində belə bir şeyə dözə bilər?

Qərb ölkələri Azərbaycanla bir çox sahələrdə tərəfdaşlıq edir. Cənubi Qafqazda ən geniş şəkilli maliyyə müqavilələri Azərbaycanla həyata keçirirlər. Rusiyadan qaz asılılığından qurtulmaq üçün Azərbaycanla əməkdaşlıq edirlər. Ancaq Azərbaycanın daxilində belə bir şeyə göz yummalıdırlar? Hesab edirəm ki, Azərbaycan tərəfi ilk addımı atdı.

Ermənistan tərəfi elə bəyanatlar verir, elə davranır ki, guya bu məsələlərə qarışmır. Onda sual yaranır, Paşinyan hakimiyyəti niyə görə götürdükləri öhdəliklərə əməl etmir? Əməliyyatlar onlar tamamilə tərk-silah olunana qədər davam etdirilməlidir.

Erməni tərəfi daşı ətəyindən töküb yola gəlməlidir. Azərbaycanla güc yolu ilə danışaraq heç nəyə nail ola bilməyəcəklər. Əgər yaşamaq istəyirlərsə, sülhə gəlməlidirlər”.

Səxavət Məmməd