!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Emil Nəsirli: "İnsanlar etimad göstərdikləri namizədləri seçəcək"

!Reklam – Yazi

17 saylı Yasamal 3-cü seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Emil Nəsirlinin ömürlüyündən:

Emil Rüfət oğlu Nəsirli 1974-cü il iyulun 12-də Bakı şəhərində anadan olub. 1981-1991-ci illərdə paytaxtın M.Ə.Sabir adına 174 saylı orta məktəbdə təhsil alıb. 1991-1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetini əmtəəşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Azərbaycan Sənaye İnvestisiya Bankının “Təchizat” filialında kredit mütəxəssisi kimi başlayan E.Nəsirli 1997-2000-ci illərdə burada mühasib və baş mühasib vəzifələrində çalışıb. O, 2000-2005-ci illərdə Birləşmiş Universal Səhmdar Bankında (BUS Bank) baş mütəxəssis, kredit şöbəsinin müdiri vəzifələrində fəaliyyətini davam etdirib. 2005-2008-ci illərdə isə “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində kredit mütəxəssisi və bankın Sabunçu filialının müdir müavini vəzifəsində işləyib.

Emil Nəsirli Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki, “Sərhədsiz elm” Dünya Elmi Əməkdaşlıq Təşkilatının mətbuat xidmətinin rəhbərinin müavini (Almaniya, Münhen), Ümumdünya Bioqrafiyalar Assambleyasının (ABŞ, Nyu-York) birinci vitse-prezidenti, həmçinin Assambleyanın Azərbaycan Nümayəndəliyinin prezidentidir.
O, 2007-ci ildən etibarən, həm də “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və Baş redaktorudur.
Emil Nəsirli adı çəkilən nəşrdə peşəkar yaradıcılıq fəaliyyətinə və Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyətinə görə “Qızıl qələm” media mükafatına layiq görülüb. Bundan başqa, “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinin “İlin jurnalisti” mükafatına layiq görülməsi ilə bağlı təşkil etdiyi müsabiqənin qalibi olub.

Yenicag.az E.Nəsirlinin müsahibəsini təqdim edir:

– Emil müəllim, necə oldu ki, seçkilərə qatılmaq qərarına gəldiniz?

– Suala cavab olaraq əvvəlcə onu qeyd edim ki, möhtərəm Prezidentimiz İlham Əliyev son illərdə ölkədə sosial-iqtisadi və kadr islahatlarının həyata keçirilməsini prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlayaraq, bütün sferalarda idarəedici funksiyaları yeni təfəkkürlü, müasir dünyagörüşlü, dövrün tələbələrinə cavab verən təhsilli şəxslərə həvalə edib və bu proses hazırda da davam etdirilir. Sevindirici haldır ki, cənab Prezidentin bu təşəbbüsü özünü doğruldur, bütün idarəçilik sahələrində bir canlanma, şəffaflaşma nəzərə çarpır. Bax, belə bir amil məni də parlament seçkilərinə qoşulmağa, namizədliyimi verməyə vadar edib.

Yeri gəlmişkə, xatırladım ki, yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumundakı çıxışında bildirib ki, artıq ölkədə hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunublar. Bu, təsadüfi deyil. Çünki ictimaiyyətə dəfələrlə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalan Prezident Administrasiyasına da gətiriliblər. Gələn ay Azərbaycanda erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin əsas məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan verməkdir. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır.
Buradan da aydın olur ki, cənab İlham Əliyev Azərbaycanın yeni parlamentini ölkədə həyata keçirilən islahatlar prosesinin mühüm bəndi olaraq görür. Yəni icra strukturlarında uğurla başlayan kadr və struktur islahatlarının izlənildiyi reallıqda qanunverici orqanın da yenilənməsi, müasirləşməsi labüddür, zamanın, dövrün çağırışları ilə səsləşir. Odur ki, parlament seçkilərində namizədliyimi irəli sürmək qərarı bir daha deyə bilərəm ki, respublikada geniş vüsət alan islahatların bir parçası olmaq, özümü yeni fəaliyyət sahəsində sınamaq, insanlarımıza yardımçı olmaq istəyimdən irəli gəlib.

– Bəs namizədliyinizin Yasamal rayonundan qeydiyyata alınması nə ilə bağlıdır?

– Yasamal mənə doğmadır, 46 ildir ki, bu ərazidə yaşayıram. Burada təhsil almışam, insanlarla təmasım, ünsiyyətim buradan başlayıb. Həyatımın böyük bir hissəsi Yasamalla bağlı olduğundan ərazinin problemlərinə, rayonun sosial-iqtisadi vəziyyətinə dərindən bələdəm. Bax, bu səbəbdən də 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Hesab edirəm ki, düzgün qərar vermişəm. Şübhəsiz ki, belə halda seçicilərlə namizəd arasında anlaşma, mənəvi bağ daha möhkəm olur. Seçicilər namizədlər sırasında daha dəqiq seçim edə bilirlər.

-Seçkilərdə qələbə qazanacağınız təqdirdə seçicilərə nə kimi töhfələriniz olacaq? Başqa sözlə, deputat seçilsəniz, hansı məsələlərin həllinə çalışacaqsınız?

-Milli Məclis üzvlüyünə iddialı şəxs olsam da, özümü hər zaman bu rayonun sıravı sakini hesab etmişəm. Burada nəzərə çarpan hansısa nöqsan və çatışmazlıq, məsələn, kommunal problemlərin aradan qaldırılması, küçələrin işıqlandırılması, insanların məşğulluğu ilə bağlı müəyyən tədbirlərin reallaşdırılması, səhiyyə xidmətinin təkmilləşdirilməsi, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əlilliyi olan insanların çətinliklərinin həlli Yasamalın hər bir sakini kimi, məni də daim narahat edib. Şübhəsiz ki, deputat seçilərəmsə, səlahiyyətimdən istifadə edib qarşıya çıxan problemləri aradan qaldırmağa çalışacağam.

Onu da deyim ki, Milli Məclis üzvü dövlətlə vətəndaş arasında ünsiyyəti gücləndirməlidir. Təbi ki, bu da insanların dərd-sərini özününkü kimi görən, onu həll etməyə can atan peşəkar, aydın düşüncəli şəxslərin fəaliyyəti ilə sıx bağlı məsələdir. Təvazökarlıqdan uzaq olsa da, özümü belə insanların arasında görür və vətəndaşların səsi olmaq ümidi ilə yaşayıram.
Ümumiyyətlə, mənim baxışlarımın mərkəzində insan amili dayanır. Millət vəkil seçilərəmsə, mütləq vətəndaşın yanında olacağam. Belə halda xalq-dövlət, xalq-iqtidar birliyi daha möhkəm, daha monolit olur.

– Yeri gəlmişkən, bu gün ölkəmizin çoxsaylı çap mediası arasında öz dəst-xətti ilə seçilən mətbu orqanlarından biri də Sizin təsisçisi və Baş redaktoru olduğunuz “Azərbaycanım” beynəlxalq jurnalıdır. Bu nəşr fəaliyyət göstərdiyi 13 il ərzində respublikamızın haqq səsinin dünya oxucusuna çatdırılmasında əhəmiyyətli rol oynayıb, beynəlxalq arenada Azərbaycan həqiqətləri, xalqımızın tarixi, mədəniyyəti, beynəlxalq layihələrdə fəal iştirakı ilə bağlı təbliğatını yüksək səviyyədə reallaşdırıb. Parlament seçkilərində qələbə qazanarsınızsa, yəqin ki, bu missiyanı da bir millət vəkili kimi daha geniş miqyasda davam etdirmək əzmində olacaqsınız

– Azərbaycanın şərəfli tarixi ilə öyünən, bugünkü inkişafından qürur hissi keçirən, sabahkı uğurlarını görən bir Azərbaycan vətəndaşı olaraq, xarici ölkələrə səfərlərim zamanı fəaliyyətimin əsas xəttini qədim və zəngin mədəniyyətimizi, adət-ənənələrimizi, multikulturalizmə, dini tolerantlığa sadiqliyimizi təbliğ etmək olub. Əlbəttə, bu məsələdədə “Azərbaycanım” beynəlxaq jurnalı önəmli rol oynayıb. Min bir zəhmət hesabına əməkdaşlarımızla birgə ərsəyə gətirdiyim adı çəkilən nəşrdə dərc olunan məqalələr əsasən respublikamızda gedən hərtərəfli inkişafı, abadlıq- quruculuq işlərini geniş təbliğ edib, görkəmli ziyalılarımızı, diasporumuzun fəal nümayəndələrini, məşhur həmyerlilərimizi, eləcə də Azərbaycanın xarici dostlarını oxuculara aydın və parlaq şəkildə tanıdıb.
Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. İstər xarici ölkələrə səfərlərimdə, istərsədə “Azərbaycanım”ın səhifələrində ulu öndər Heydər Əliyevin ölkəmizi işıqlı gələcəyə aparan müdrik strategiyasını, dahi şəxsiyyətin Azərbaycançılıq ideyasını, müasir Azərbaycanın bütün dünya azərbaycanlılarının inam, ümid və pənah yerinə çevrilməsində misilsiz xidmətlərini diqqətə çatdırmağa çalışmışam. Bəli, bunu özümün şərəfli, müqəddəs borcum bilmişəm. Axı heç kimə sirr deyil ki, bugünkü müstəqil, müasir Azərbaycanın banisi olan ümummilli liderimiz, həm də dünyanın müxtəlif guşələrinə səpələnən soydaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında bir yerə toplayıb, bir bayraq, bir amal uğrunda birləşdirib, diaspor təşkilatlarımızın yaranmasına əvəzsiz töhfələr verib. Ulu öndərimizin siyasi xəttini 17 ildir ki, uğurla davam etdirən cənab İlham Əliyev də ölkəmizin milli mənafe və maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırılmasında, xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi və dünya azərbaycanlılarının bir-birinə daha yaxından bağlanması istiqamətində mühüm tədbirlər reallaşdırıb, diaspor quruculuğu kimi mühüm bir məsələlni daim diqqət mərkəzində saxlayıb.

Burda bir haşiyə çıxmağı zəruri bilirəm. İnsan dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, doğulduğu yurdu, el-obanı, böyük anlamda isə doğma Vətəni unutmamalı, onun şərəfini uca tutmalı, işi, əməli ilə adını yaşatmağı müqəddəs borc bilməli, “Ana Vətən” kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub hiss etməlidir. Çünki Vətən dediyimiz yurdun havası, suyu hesabına böyüyüb boya-başa çatmışıq.
Dünyanın müxtəlif nöqtələrinə səpələnən, özlərinə gün-güzəran quran soydaşlarımızla görüşlərimdə həmişə mənə dərs deyən müəllimimin bir fikrini xatırladıram: “Demə Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm?!.”
Ulu babalarımızın torpaqdakı ölməz izi, başımız üzərindəki ruhu xatirinə “Mən Vətən üçün nə etmişəm?!.”– sualını tez-tez təkrarlamalı, müsbət cavab üçünsə şair demişkən, Torpaq, Vətən naminə yana-yana yaşamalıyıq.
Sualınıza gəldikdə isə deyə bilərəm ki, parlament seçkilərində qələbə qazanaramsa, şübhəsiz ki, bu missiyanın-ulu öndərimizin, eləcə də cənab İlham Əliyevin Azərbaycançılıq məfkurəsinin təbliği, Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın haqq səsini dünya ictimaiyyətininə, beynəlхalq təşkilatlara çatdırmaq işini millət vəkili statusunda daha səmərəli, daha geniş miqyasda apara bilərəm…

-Namizədliyinizi irəli sürdüyünüz 17 saylı Yasamal 3-cü seçki dairəsində Sizdən savayı daha 12 nəfər də Milli Məclisin deputatı olmaq iddiasındadır. Bu sıxlıqdan qalib kimi çıxmaq çətin olmayacaq ki?!.

-Əvvəla əgər belə demək mümkünsə, bu cür qələbəlik bütün seçki dairələrində mövcuddur. Bu, heç də narahatlıq doğurmur. Əksinə, insanların seçim imkanlarını genişləndirir, səsvermənin ədalətli və şəffaf mühitdə reallaşacağını şərtləndirir.
Seçkilərdə çoxsaylı namizədin iştirakı ilə bağlı onu da deyə bilərəm ki, bu, ölkədə insanların ədalətli seçkiyə inamından irəli gəlir.

Yeri gəlmişkən, qeyd edim ki, imzaların toplanması, namizədlərin qeydiyyata alınması və digər məsələlərdə heç bir neqativ halın şahidi olmadım. Hazırda isə təbliğat-təşviqat kampaniyası da ədalətli və bərabərhüquqlu şəkildə həyata keçirilir. Seçkiöncəsi mühitin şəffaflığı da seçki günündə seçicilərin fəallığının da yüksək səviyyədə olacağını deməyə əsas verir. Hesab edirəm ki, fevralın 9-u da ictimaiyyət Azərbaycanda ədalətli seçkinin şahidi olacaq.

-Sonda istərdik ki, belə bir sualı da cavablandırasınız: Yeni formalaşacaq parlamenti necə görürsünüz?

-Sualınızla bağlı əvvəlcə onu deyim ki, Milli Məclisin buraxılması parlamentin ölkədə aparılan islahatların tələblərinə uyğun gəlməməsi ilə bağlı olub. Ona görə də Azərbaycanın yeni inkişaf mərhələsində yeni dövr üçün yeni Milli Məclis formalaşmalıdır. Yeni Məclis isə təfəkkürdə, düşüncədə, fəaliyyətdə müasir, yeni olmalıdır. Burada şəffaflıq və hesabatlılıq, xalqa yaxın və əlçatanlıq önə çəkilməli, qanunvericiliyin yüksək səviyyədə, beynəlxalq standartlara uyğun hazırlanması diqqət mərkəzində saxlanılmalıdır./Aktual/

www.yenicag.az

2347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv