Emin İsmayılov: “Bir ölkənin iqtisadiyyatının inkişafı yalnız dövlətin vəzifəsi olmamalıdır”

Yenicag.az  Maliyyə invesisya Forumunun həm təsisçisi və bu forumun “Vergi Siyasəti və Mühasibatlıq” panelinin moderatoru cənab Emin İsmayılovun müsahibəsini təqdim edir.

Vergi sahəsində aparılan islahatları Azərbaycanda sahibkarlıq fəaliyyətinin stimullaşdırılması sahəsində mühüm addım hesab etmək olarmı?

İlk olaraq qeyd edim ki, ölkədə sahibkarlığın və özəl sektorun inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.

Bu səbəbdəndir ki, bu gün kiçik və orta sahibkarlığa dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə əlverişli şərait yaradıb. Bu baxımdan təbii ki, vergi orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Yeri gəlmişkən, dövlət başçısı da öz çıxışlarında vergi orqanlarının vəzifəsinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaqdan deyil, əksinə, onların fəaliyyətini stimullaşdırmaqdan, rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayır.

Əminliklə söyləmək olar ki, vergi sahəsində son illər aparılan mütərəqqi islahatlar, Vergi Məcəlləsində edilmiş son dəyişikliklər, Azərbaycanda münbit biznes mühitinin yaradılması istiqamətində atılan addımlar sahibkarlarlığın inkişafı üçün olduqca mühüm əhəmiyyət daşıyır.

Vergi Məcəlləsinin konkret hansı maddələrindəki dəyişiklikləri Azərbaycanda biznesin fəaliyyətinin genişləndirilməsi üçün mühüm hesab edirsiniz?

Əslində hansısa konkret maddənin ayırmaq istəməzdim. Çünki Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin hər birinin ölkədə biznesin inkişafında öz rolu vardır və ya olması gözlənilir. Dəyişikliklərə ümumi nəzər salsaq bunun biznes fəaliyyətinin demək olar ki, hər bir aspektini əhatə etdiyini görə bilərik. Ancaq bir neçə xüsusi əhəmiyyət kəsb edən dəyişiklikləri nümunə kimi qeyd etmək olur. Bunlara sahibkarların böyük əksəriyyətini təşkil edən sadələşdirilmiş vergi ödəyicilərinin vergi dərəcəsinin 2 dəfə azaldılmasını, mikro sahibkarlara 75% güzəştin verilməsi (faktiki olaraq dərəcənin 20 %-dən 5 %-ə endirilməsi), uçotun şəffaflaşması üçün iri ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun ləğv edilməsi, vergi orqanı tərəfindən vergi yoxlaması ilə vergi hesablandığı halda ƏDV depozit hesabından və bank hesabından vəsaitin silinməsinin dayandırılması, emal sənayesinin inkişaf etdirilməsi üçün KOB klaster şirkətlərinə uzunmüddətli güzəştlərin verilməsi kimi məsələləri göstərmək olar.

Fikrinizcə Vergi Məcəlləsində daha hansı dəyişikliklərin edilməsi ölkədə sahibkarlıq mühitinin şəffaflaşması və inkşafına müsabət təsir edə bilər?

Ümumiyyətlə qeyd etmək lazımdır ki, sahibkarlıq mühitinin inkşafı, bu sahədə şəffaflığın artırılması ilə bağlı vergi qanunvericiliyində mütəmadi olaraq islahatlar aparılıb və bu gün də bu proses davam etməkdədir. Lakin müasir dövrdə sahibkarlıq dinamik bir prosesdir və daim yeniliklərlə, dəyişikliklərlə müşaiət olunur. Təbii ki, bu dinamik prosesi sükunətdə qalan qanunvericilik bazası ilə tənzimləmək qeyri-mümkün olardı. Ona görə də qanunvericilikdə müasir biznesin tələbatılarına cavab verən dəyişikliklərin olması daimi və normal haldır. Konkret olaraq hansı dəyişikliklərin edilməsi sualınıza gəldikdə, hesab edirəm ki, bunun cavabını Forumun müvafiq panelində sahibkarlarımızın dilindən eşitmək daha doğru olardı. Məhz eyni suala cavab almaq, sahibkarların öz təkliflərini bildirmələri üçün bu il ilk dəfə olaraq Forumun 3-cü panelini diskussiya formatında təşkil etməyi nəzərdə tutmuşuq.

Yeri gəlmişkən Siz həmdə bu forumun təşkilatçılarındansınız istərdik bu ilki Forumun müzakirəsi hansı mövzular üzərndə olacaq barəsində ətraflı məlumat verərdiniz. Hansı mövzular müzakirə olunacaq və qoyulan mövzuların seçilməsində əsas məqsəd nə oldu?

Bildiyniz kimi Forum artıq 3-ü ildir ki keçirlir. Biz təşkilatçılar olaraq hər il dünya iqtisadiyatında trend olan mövzuları ölkəmizin aparıcı mütəxəsissləri və xarici mütəxəsislər dəvət edərək interaktiv müzakirələr aparırıq. Keçən il sloqanımız “Rəqəmsal Biznes Trendlər” idi bu ildə dünya bazarının tələblərin nəzərə alınaraq sloqanımız “ İnnovasiya və şəfaflıq” olacaq.

Bilirsiniz bu gün dünyada və Azərbaycanda maliyyə və investisiya sahəsində innovativ məhsullarla rəqabət üstünlüyünun əldə edilməsi, blokçeyn BigData kimi texnologiyaların maliyyə sisteminə tətbiqi, finteklər, nağdsız maliyyə əməliyyatları, offşorlarla mübarizə və şəffaf hesabatlıq əsas tendensiyalardır. Biz də bu tendensiyaları yaxından izləyir və təhlil edirik. Forumun sloqanı, mövzularının spikerlərin bu səpkidə seçilməsi məhz bununla bağlıdır.

Müzakirə ediləcək mövzulara gəldikdə qeyd etmək istəyirəm ki xarici spikerimiz ABŞ və Yaponiyada uzun müddət iş təcrübəsi olan çox mötəbər investisiya şirkətinin rəhbəridir. O öz çıxışında kiçik və orta bizneslərə necə investisiya cəlb etmək olar haqda praktik təcrübəsini paylaşacaq. Bundan başqa Bankçılıq sistemində baş verən ən son trendlər, yerli investisiyalar, şirkətlərə maliyyə vəsaitinin cəlb edilməsi, biznes proseslərin avtomatlaşdırılması haqda dünyanın ən məşhur şirkətlərindən biri olan SAP şirkətinin nümayəndəsi çıxış edəcək. KPMG şirkətinin nümayəndəsi vergi məcələsinə olan son dəyişikliklər biznes mühitinə təsiri haqda təqdimatı olacaq. Ən sonda Biznes və İnnovasiyalar panelində biznes idarəçiliyi və innovasiyalar sahəsində uğurlu olan şirkət rəhbərləri ilə interaktiv sual cavab sessiyamız olacaq.

Necə fikirləşirsiniz, sizcə Forumun qarşısına qoyduğu məqsədlərə nail olması ölkə iqtisadiyyatının möhkəmlənməsi naminə dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi istiqamətində növbəti addımların da atılmasına səbəb ola bilərmi?

Bizim məqsədimiz elə bu münasibətlərin daha da inkişaf etdirilməsidir. Son dövrlərdə dövlətin iqtisadi sahədə həyata keçirdiyi islahatları, bu sahədə qəbul etdiyi aktları təhlil etsək görə bilərik ki, qəbul edilən hər bir sənəddə nəinki təkcə birtərəfli olaraq sahibkarlığın inkişafını, həmçinin də dövlət-sahibkar münasibətlərinin inkişafını nəzərdə tutan müddəalar öz əksini tapmışdır.

Ümumiyyətlə, bir ölkənin iqtisadiyyatının inkişafı yalnız tək dövlətin vəzifəsi olmamalıdır. Bu işdə həm də özəl sektorun marağı olmalıdır. Çünki müasir şəraitdə bazar münasibətlərinin dinamik inkişafı, qarşıya çıxan iqtisadi problemlərin dövlət və özəl sektorun birgə fəaliyyəti nəticəsində həllini nəzərdə tutur. Məhz belə olduğu təqdirdə ölkənin iqtisadiyyatı beynəlxalq miqyasda baş verən iqtisadi kataklizmlərə adekvat və çevik cavab verə bilə və davamiyyət gətirə bilər.

Məhz bu səbəbdən də bu forumun keçirilməsində təşkilatçıların əsas məqsədi yuxarıda qeyd etdiyim dövlət-sahibkar münasibətlərinin genişlənməsinə, inkişaf etməsinə öz payını verməkdir. Və təbii ki, biz də təşkilatçılar olaraq inanırıq ki, bu sahədə işimiz gələcəkdə də müxtəlif səviyyələrdə və özəl sektorun digər subyektləri tərəfindən analoji tədbirlərin keçirilməsinə və nəticə etibarilə dövlət və özəl sektorun Azərbaycan iqtisadiyyatının çiçəklənməsi naminə vəhdət halında birləşməsinə vəsilə olacaqdır. Məhz belə olan halda iqtisadiyyatımız neqativ təsirlərdən səmərəli, etibarlı şəkildə qoruna və gənc dövlətimizin büynəlxalq miqyasda öz layiqli yerini tuta bilməsi üçün qarant rolunu oynaya bilər.

Fins.az

COP29