Emin Məmmədov Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü oldu – FOTO

Bu günlərdə Rusiya Rəssamlıq Akademiyasında Rəyasət Heyətinin iclası zamanı Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, Azərbaycanın əməkdar incəsənət xadimi, qalereya sahibi Emin Məmmədov Akademiyanın fəxri üzvü statusu ilə təltif edilib.

E.Məmmədova fəxri üzvün mantiyasını Rusiya Rəssamlıq Akademiyasının prezidenti, məşhur heykəltəraş Zurab Tsereteli geyindirib.

E.Məmmədov yaradıcı nəslin nümayəndəsidir. Atası Səlhəb Məmmədov məşhur heykəltəraş, Azərbaycanın xalq rəssamı, professordur. O, Berlində “Xocalı” abidəsi və Romada “Nizami Gəncəvi” abidəsi də daxil olmaqla, bir çox əsərlərin müəllifi kimi tanınır. Səlhəb Məmmədov həm də Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.

“Vestnik Kavkaza”a müsahibəsində E.Məmmədov yaradıcılıq qabiliyyətinin atasından ona keçdiyini deyib: “Uşaqlığımı onun atelyesində keçirmişəm. Ora həmişə rəssamlar gəlirdilər, mən də atamla dostlarının emalatxanasına gedirdim, bu bədii yaradıcılıqda yetişmişəm. Hətta özümü sənətdən kənarda heç vaxt görməmişəm.

“Pionerlər Evində” rəsm dərnəyinə getdim, sonra rəssam German Jeglovla tanış oldum. Ciddi cədvəli var idi. 13-14 yaşlarımdan mütəmadi olaraq onun atelyesinə gedirdim, 15 yaşımda isə Əzim Əzimzadə adına İncəsənət Kollecinə daxil oldum. Yaradıcılıq həyatım belə başladı. Kolleci bitirdikdən sonra İncəsənət İnstitutunun qrafika şöbəsinə daxil oldum və 6 il də orada oxudum”.

Kumirləri haqqında danışarkən E.Məmmədov deyib: “Mən sadəcə, Qoyaya pərəstiş edirdim. Xatırlayıram, SSRİ-nin dağılması, dəmir sədlərin açıldığı zaman ilk dəfə Berlinə gələndə 1992-1993-cü illərdə həyatımın yeni bir dövrü başladı. Burada tamamilə fərqli bir yanaşma, zehniyyət və həyatın olduğu mühitdə alman rəssamları ilə işlədim. Berlində Qoyanın orijinal əsərini görəndə çox böyük zövq aldım”.

Rəssamlıqdan qalereya sahibliyinə, sənət meneceri vəzifəsinə necə keçməsi ilə bağlı sualı cavablandıran E.Məmmədov deyib: “Düşünürəm ki, ümumi vəziyyət və SSRİ-nin dağılması buna təsir etdi. Atamın emalatxanası Bakının tarixi qədim hissəsində yerləşirdi. Yeni dövr, yeni həyat, turistlərin və qonaqların ziyarət etməsi bu emalatxananı bir qalereyaya çevirə biləcəyimiz, eləcə də, əsərlərini satmaq üçün rəssamlara kömək edə biləcəyimiz fikrini formalaşdırdı. Atam bu barədə məni dəstəklədi. Qalereya getdikcə genişlənərək ciddi bir layihəyə çevrildi. 10 il əvvəl biz onun Berlində filialını açdıq”.

Müasir Azərbaycan rəssamları haqqında danışan E.Məmmədov qeyd edib: “Ən yaxşı Azərbaycan sənətkarları Rusiyada Sankt-Peterburq və Moskvada təhsil alıblar. Ümumiyyətlə, Azərbaycan təsviri sənəti Rusiya incəsənəti üzərində qurulub. İndiyə qədər Rəssamlıq Akademiyasında dərs deyən rəssamlar Sovet dövründə təhsil alanlardır.

Musiqiçinin notları bilməli olduğu kimi, rəssamlar da öz əlifbalarını öyrənməlidirlər. Əgər kimsə peşəkar rəssam olmaq qərarına gəlibsə, akademik rəsm burada vacib məsələdir. Amma heç bir halda o, sıxışdırıla bilməz – həm düşüncə, həm də fəaliyyətə azadlıq verilməlidir”.

E.Məmmədov həmçinin, ötən ilin Azərbaycanda Nəsimi ili elan olunması barədə də danışıb: “Biz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nəsiminin yubiley festivalını keçirdik. Qərara gəldik ki, festival çox yaradıcı, ruha yaxın olmalıdır. Orada həm şeirlər, həm də müxtəlif təqdimatlar və tamaşalar təqdim olundu”.

Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvünün mantiyasını almaq barədə danışan E.Məmmədov bildirib: “Bu çox xoş idi. Tədbir Rusiya Rəssamlıq Akademiyasının bütün Rəyasət Heyətinin iştirakı ilə möhtəşəm keçdi. Bu mənim üçün yeni qapı, tanışlıqlar açır.

Surikov Rəssamlıq Məktəbinin rektoru və prorektoru ilə görüşdüyüm zaman dərhal söhbətimiz alındı. Biz Azərbaycan Rəssamlıq Akademiyası və Surikov Rəssamlıq Məktəbi tələbələri arasında ortaq təlim proqramları haqqında düşünməyə başladıq. Bu yeni mədəni dialoq, gəncləri bir araya gətirəcək yeni birgə layihələrə təkan verir”.