Əminəm ki, xalq öz layiqli namizədinə səs verəcək – Qafar Cəbiyev

Milli Televiziya və Radio Şurasının sədr müavini, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin sechki-2018.az saytına müsahibə verib.

Yenicag.az həmin müsahibəni təqdim edir:

– Qafar müəllim, aprelin 11-də keçiriləcək Prezident seçkilərinə az müddət qalıb. Ölkəmizdəki seçki mühiti bir ziyalı olaraq sizi qane edirmi?
– Azərbaycanda çox gözəl seçki ənənəsi var. Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyəti quran və qadınlara ilk seçki hüququndan yararlanmaq imkanı verən ölkədir. Dövlətimiz bu dəyərləri çox ciddi şəkildə müdafiə edir və yaşadır. Bundan əlavə, müstəqilliyimizi yenidən bərpa etdikdən sonra, daha dəqiq desək 1993-cü ildən etibarən ölkəmizdə azad, demokratik seçkilərin keçirilməsinin şahidi olmuşuq. Bütün bunlar onu deməyə əsas verir ki, ötən 25 il ərzində seçki mühiti əhəmiyyətli dərəcədə inkişaf edib. Mərkəzi Seçki Komissiyası tərəfindən seçki prosesi yüksək səviyyədə həyata keçirilir. Seçkiyə hazırlıq prosesi demək olar başa çatıb. Namizədlərin qeydə alınması başa çatıb, hazırda təbliğat və təşviqat mərhələsindəyik. Azərbaycan vətəndaşları aprelin 11-də məntəqələrə gedərək ən layiqli namizədə səs verəcəklər.

– Sizcə, əhali arasında seçki mədəniyyəti, səsvermədə iştirak etmək həvəsi hansı şərtlərlə müəyyənləşir?
– Bunu yalnız inkişaf və rəqabət müəyyənləşdirə bilər. Bu gün Azərbaycan daxili və xarici siyasətdə elə ciddi uğurlara imza atıb ki, bu, xalqımızın seçki mədəniyyətinə də təsirsiz ötüşməyib. Regionların sosial-iqtisadi inkişafından tutmuş, Azərbaycanın dünyada siyasi cəhətdən aktiv siyasət yürüdən, böyük humanitar layihələrə imza atan ölkə kimi tanınması uğurlarımızın bir hissəsidir. Bütün bunlar dünya ölkələrinin də diqqətindədir. Bir ziyalı olaraq deyə bilərəm ki, Azərbayacan son 15 ildə əsrlərlə keçmədiyi inkişaf yolunu keçib. Ölkəmizin inkişafı ilə bağlı reallıqlar ölkəmizdə gələnlərin dilindən də eşidirik. İllər öncə Azərbaycanda olan problemlərin çoxu öz həllini tapıb. Azərbaycan dövlətinin əldə etdiyi uğurlar demokratik mühitdə də özünü göstərməkdədir.

– Seçki prosesində medianın rolunu necə qiymətləndirisiniz?
– Ümumiyyətlə, əhalinin maariflənməsində medianın rolu danılmazdır. Bu gün televiziya kanalları, internet məkanı fərqli fikirlərin səsləndirildiyi tribunaya çevrilib. Azərbaycanda namizədlərə öz platformalarını təbliğ etmək üçün efir imkanı yaradılıb. Bütün bunlar demokratik mühitə xas olan göstəricilərdir. Ölkəmizdə əhalinin seçkiyə marağı yüksək səviyyədədir və bu maraq qarşıdan gələn 11 aprel Prezident seçkilərində də özünü göstərəcək. Əminəm ki, xalq öz layiqli namizədinə səs verəcək.

COP29