Əmlak Məsələləri Dövlət Komitəsinin e-xidmətlərindən istifadə artıb

computer_100112_2Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara operativ və şəffaf xidmətlərin göstərilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi barədə tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə SMS, onlayn və elektron xidmətlərin tətbiqini davam etdirir. Komitə tərəfindən indiyədək vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 305 minə yaxın elektron xidmət göstərilib. Ötən il isə, elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən 141 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun olaraq təmin olunub.

Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir. Qeydiyyatla bağlı xidmətlərə daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi və digər xidmətlər aiddir. Həmçinin, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur.
Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, indiyədək yalnız daşınmaz əmlakın qeydiyyatı üzrə 21 elektron xidmətdən istifadə sayı 70 mindən çox olub. Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmət üzrə indiyədək 30 mindən çox müraciət qeydə alınıb. İkinci yerdə 11 mindən çox müraciət sayı ilə dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət dayanır. Ümumilikdə isə, indiyədək vətəndaşlardan elektron və onlayn xidmətlər vasitəsilə mülkiyyətin dövlət qeydiyyatı üzrə 298 mindən çox müraciət daxil olub.

Komitənin digər fəaliyyət sahəsi olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 7 mindən çox müraciət qəbul edilib. Bu fəaliyyət sahəsi üzrə elektron xidmətlərin içərisində ən çox istifadə edilən xidmət dövlət əmlakının qorunub saxlanmasına dair illik xüsusi hesabat formasının elektron qəbulu xidmətidir. Belə ki, müraciətlərin böyük əksəriyyəti bu elektron xidmətin payına düşür. Eyni zamanda, komitə tərəfindən səhmdar cəmiyyətlərin, orta və kiçik müəssisələrin, nəqliyyat vasitələrinin özəlləşdirilməsi üçün keçirilən hərraclarda iştirak üçün sənəd qəbulu elektron xidmət vasitəsilə aparılır. Belə xidmətlər sırasında nəqliyyat vasitələri barədə keçirilən hərraclar üçün elektron sifarişlərin sayı digər xidmətlərin statistikası ilə müqayisədə daha üstündür.

Komitə istifadəyə verdiyi 31 elektron xidmətin 3-ünü, eyni zamanda, SMS vasitəsilə ilə də göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.

Komitənin elektron xidmətlərlə yanaşı, istifadəyə verdiyi onlayn xidmətlər də xidmətlərdə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir. 3-cü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir. Bununla da, vətəndaşların notariusdakı alqı-satqı əməliyyatından sonra yenidən ərazi qeydiyyat idarəsinə getmək proseduru aradan qalxıb.