Dünyanın aparıcı kriptovalyuta birjasına qarşı rekord miqdarda cərimə tətbiq olunub.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, ABŞ hökuməti dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”nin çirkli pulların “yuyulması” və sanksiyalar haqqında qanunları pozması səbəbindən ümumilikdə 4,3 milyard dollar cərimə ödəyəcəyini açıqlayıb.
ABŞ-nin Maliyyə Nazirliyindən verilən açıqlamada “Binance”nin Maliyyə Cinayətləri ilə Mübarizə Bölməsi (FinCEN) ilə müqavilə şərtlərinin pozulmasına görə 3,4 milyard dollar, maliyyə cinayətlərinə qarşı mübarizə çərçivəsində isə 968 milyon dollar cərimə ödəyəcəyi qeyd edilib.
Həmçinin FinCEN-lə müqavilə çərçivəsində 5 illik nəzarət də daxil olmaqla, bəzi mühüm öhdəlikləri olan anlaşma şərtlərinin yerinə yetirilmədiyi təqdirdə, “Binance” əlavə cərimələrə məruz qalacaq.
Qeyd olunur ki, ABŞ-nin maliyyə naziri Canet Yellen mətbuat konfransında hələ bir neçə il əvvəl Amerika bazarından çıxdığını iddia edən “Binance”nin fəaliyyətinin araşdırıldığını bildirib.