Amerikanın “Health” jurnalı insan bədəninin ən çox ehtiyac duyduğu qidaların siyahısını hazırlayıb.
Maraqlıdır ki, siyahıda ət və süd məhsullarının adları yoxdur.
Yenicag.az xəbər verir ki, tədqiqatçılar 1000 növ xam ərzaq üzərində araşdırma aparıb. Araşdırmalar nəticəsində məlum olub ki, balqabaq toxumu orqanizmin sağlamlığı üçün dünyada ən faydalı məhsuldur.
Balqabaq toxumu
559 kalori (100 q) Qida dəyəri: 84
Müalicəvi xüsusiyyətə malik olan balqabaq tumları ən əhəmiyyətli bitki mənşəli dəmir və manqan mənbələrindən biridir. Bir stəkan balqabaq tumu gündəlik sink, dəmir və E vitamini ehtiyacımızın hamısını, yarım stəkan balqabaq tumu isə gündəlik maqnezium ehtiyacımızı təmin edir və əzələləri möhkəmləndirir.
Tərkibi sinklə zəngin olan balqabaq tumu immun sistemini gücləndirir və virusların orqanizmə daxil olmasının qarşısını alaraq soyuqdəymədən qoruyur. Soyuq qış günlərində xəstəliklərdən qorunmaq üçün balqabaq tumunu qatıqla və ya salata qarışdıraraq yemək olar. Tərkibindəki maqnezium infarkt və iflic kimi xəstəliklərin də qarşısını alır.
Çuğundur yarpaqları
22 kalori (100 q) Qida dəyəri: 70
Kalsium, vitamin K və B qrupu vitaminləri (xüsusən riboflavin) ilə zəngin olan çuğundur yarpağında dəmir çuğundurun özündən 3 dəfə çoxdur. Odur ki, dəmir defisit anemiyaların müalicəsində çuğundur yarpağının şirəsi əvəzolunmazdır. Bundan başqa mədə-bağırsaq yaralarında gündə yeməkdən əvvəl 1 stəkan çuğundur yarpağı ilə kök şirəsinin qarışığını içmək çox faydalıdır.
Cəfəri
292 kalori (100 q) Qida dəyəri: 69
Cəfəri qurusu bor, fluorid və kalsium tərkibi sayəsində sümük və diş sağlamlığı qoruyur. Cəfərinin faydalı xüsusiyyətləri onun zəngin tərkibi ilə izah olunur. C vitamininin miqdarına görə o hətta sitrus meyvələrinini və qara qarağatı belə geridə qoyur. Orqanizmin vaxtından əvvəl qocalmasının qarşısını almaq, onu azad radikallardan müdafiə etmək və immunitetin normal fəaliyyətini saxlamaq üçün gün ərzində 50 qram cəfəri yemək kifayətdir.
Cəfəri orqanizmdə A vitamininə çevrilən beta-karotin maddəsi ilə zəngindir. Həmçinin cəfərinin tərkibində orqanizmin, kalsiumun yaxşı mənimsəməsinə imkan yaradan xeyli miqdarda kalium var. Cəfərinin tərkibində həmçinin sink, folio turşusu, PP, K, B1, B2, K, Ca kimi vitaminlər də var.
Badam
579 kalori (100 q) Qida dəyəri: 97
Məlumdur ki, mono-doymamış yağ turşuları ilə zəngin olan badam ürək-damar sağlamlığı və diabet müalicəsində çox effektlidir. Amerika Dərman və Qida Təşkilatı ürək xəstəlikləri riskini aşağı salmaq üçün hər gün badam, fındıq ya da qoz yeməyi tövsiyə edir. Kaliforniya Universitetində aparılan araşdırmalara görə, badam qəbul edən insanların beyin hüceyrələri daha gec yaşlanır. Badamın tərkibindəki bəzi maddələr xərçəngdən qorunmaq üçün də əhəmiyyətlidir. Xolesterini aşağı salır, infarkt riskini 50% azaldır.
Qurudulmuş kərəviz
319 kalori (100 q) Qida dəyəri: 68
Qurudulmuş kərəviz faydalı vitaminlər, minerallar və amin turşularının zəngin mənbəyidir. Hələ qədim zamanlardan kərəvizdən xalq təbabətində geniş istifadə olunub. Müalicəvi xüsusiyyətlərinə görə, bu bitki qiymətli qida məhsulu hesab olunur. Kərəvizin faydalarından biri sinir sisteminə müsbət təsir göstərməsidir.
O, qandakı stress hormonunun miqdarını aşağı salır. K vitamin ilə birlikdə yüksək miqdarda A vitamini, fosfor və kalium ehtiva edir. Bundan başqa, kərəvizin tərkibinə az miqdarda B və C vitamini və digər minerallar da daxildir. Kərəviz sapı təzyiqi aşağı salmağa yardım edir.
Artıq çəki problemi olanlar üçün kərəviz ən yaxşı tərəvəzlərdən biri sayılır. Çünki kərəviz aşağı kalorili bitkidir. Kərəvizi həm yeməklərə əlavə edərək, həm də çiy şəkildə rəndələyib bol qatıq və bir qaşıq zeytun yağı ilə qarışdıraraq salat kimi də yemək olar./Milli.Az/