Energetika nazirinin müavini Samir Vəliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, söhbət zamanı Azərbaycanda enerji keçidi istiqamətində görülən işlər, xarici investisiyalar hesabına reallaşdırılan külək və günəş enerjisi layihələri və işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması barədə məlumat verilib. Azərbaycanın gələcəkdə “yaşıl enerji” ixracı imkanlarına toxunulub, bu istiqamətdə Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsinin ölkəmiz üçün əhəmiyyətindən bəhs edilib, bu layihədə Dünya Bankının iştirakı vurğulanıb.
Energetika Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər, Xəzər dənizinin Azərbaycana aid hissəsinin külək enerjisi potensialının reallaşdırılması üçün atılan addımlar müzakirə edilib.
Görüşdə, həmçinin elektrik enerjisi bazarının liberallaşdırılması, enerji səmərəliliyi, yaşıl hidrogen ixracı və digər istiqamətlərdə görülən işlər və yeni əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.