Nazirlər Kabineti enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasının və formasının təsdiq edilməsi haqqında qərar qəbul edib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla təsdiq edilmiş Qayda enerji istehlakına dair məlumatın əldə olunması və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə binaların (qurğuların) və təsərrüfatların qiymətləndirilməsini özündə ehtiva edən enerji auditinin keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir və enerji auditinin nəticəsinə dair hesabatın təqdimatı qaydasını və formasını müəyyən edir.
Enerji auditi sözügedən obyektlərdə enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirməyə xidmət edir.