Enerji savaşı: Bazarın “suyunu bulandıran” kimlərdir? – TƏHLİL

Enerji bazarları uğrunda gedən mübarizə, bazarda daha böyük pay sahibi olmaq uğrunda gedən savaş alıcı və ya satıcı olmasından asılı olamayaraq bütün dünyanın nəzər nöqtəsinə çevrilib. İrana qarşı sanksiyaların yenidən gündəmə gəlməsi bazarda qiymətlərin sürətlə yüksəlməsinə səbəb oldu. Qiymətlərin hansı həddə qədər yüksələcəyi, qəfil ucuzlaşmanın yaşanıb-yaşanmayacağının müzakirə olunduğu bir zamanda bazarda kimlərin söz sahibi olduğu, düzəni kimin formalaşdırdığı, yaranan vəziyyətdən kimin qazanclı çıxacağına dair sullar formalaşmağa başladı.

Olduqca mürəkkəb olan bu mübarizədə kimin qalib gələcəyini öncədən təxmin etmək çətin olsa da, aparıcı gücləri müəyyən etmək elə də qəliz deyil.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, hazırda enerji qaynaqları, mənbələri uğrunda mübarizə gedir ki, bu mübarizə bu gün deyil, bir neçə ay bundan əvvəl başlayıb. İkinci dünya müharibəsindən sonrakı bütün tarixi inkişaf prosesi enerji mənbələri, onların tranziti, bölüşdürülməsi uğrunda mübarizə dövrü kimi yadda qalıb: “Hazırda dünyada əsas qarşıdurma mənbələri kimi çıxış edən qüvvələr ABŞ və Rusiyadır. Onların hər ikisinin də enerjiyə ehtiyacı yoxdur, çünki enerji ixrac edən ölkələrdilər. Ola bilsin ki, bazarlar və bu vasitə ilə təsir altına salmaq istədikləri ölkələr uğrunda mübarizə gedir”.

Politoloqun fikrincə, hazırda dünyada qarşıdurmalar və dövlətlər arasındakı münasibətləri gərginləşdirən məqamlar daha çox ölkə liderlərinin şəxsi keyfiyyətlərindən irəli gəlir. Burada obyektiv meyllərdən çox subyektiv meyllər önə çıxır: “Məsələn, Rusiyanın təcavüzkar, işğalçı siyasətinin yaradıcısı və banisi Putindir. O hər vasitə ilə, hətta bir sıra müstəqil dövlətlərin ərazi bütövlüyünü pozmaqla Rusiyanı fövqəldövlətə çevirməyə çalışır. Yəni Rusiyanın əvvəllər Sovet İttifaqı dövründə mövcud olan statusunu bərpa etməyə çalışır. Düzdür, burada Rusiyanın enerji qayğıları da var. Yəni o Qərb bazarlarına öz təbii qazını göndərmək, bu bazarları ələ keçirmək üçün yeni nəql kəmərləri hazırlayır. Məsələn, “Şimal Axını” qaz kəmərini çəkməyə, Türkiyənin ərazindən keçəcək “Cənub Axını” layihəsini reallaşdırmağa başlayıb. Bunların hamısı sözsüz ki, enerji bazarları uğrunda mübarizə elementinə çevrilir. ABŞ da Rusiyanın dirçəlməsi, yenidən hərbi qüdrətə çevrilməsinin qarşısını almaq üçün addımlar atır. Onun mübarizəsi də dünyada nüvə silahının yayılmasının qarşısının alınmasına yönəlmiş hərəkətlər üzərində qurulub. Məsələn, Koreya Xalq Demokratik Respublikasında (KXDR) nüvə ballistik raketlərin ləğvi istiqamətində addımlar atılır, İranla müqavilə bağlanır. İndi ABŞ bu müqavilədən çıxsa da, həmin müqavilə hələ qüvvədə qalır. İran uranın saflaşdırılması üzrə öz üzərinə öhdəlik götürüb. Digər tərəfdən də Avropa dövlətləri İrana qarşı sanksiyaları tədricən aradan götürürlər. İran “altılar” sazişindən çıxıb və vəziyyət yenə gərginləşib. Koreya ilə əvvəlcə əldə edilən razılaşma da hələ ki müəyyən tərəddütlər içərisində boğulmaqdadır. Çünki KXDR lideri Kim Çen İn əvvəl söylədiyi vədlərdən bu gün imtina etməyə başlayıb. Suriyada başqa bir ssenari üzrə proseslər cərəyan etməkdədir”.

Dünyada təsir dairəsi uğrunda mübarizələr enerji mənbələri uğrunda mübarizələr ilə çuğlaşır. Amma aparıcı yeri dünya hökmranlığı uğrunda mübarizə, dünyada yeni düzənin qurulmasına cavabdeh olacaq ölkənin müəyyənləşdirilməsi tutur. Politoloq hazırda bu statusda çıxış edənin ABŞ olduğunu, lakin Çin Asiyanın pələngi kimi yüksəldiyini və Amerika ilə kəskin ədavətə girişdiyini, Rusiyanın da bu rəqabətə qoşulduğunu qeyd edir: “Bu mübarizədə qalib hələ ki,müəyyən olunmayıb. Formal olaraq ABŞ-ın liderliyi və yeni dünya düzəninə cavabdehliyi qəbul edilir. Amma Çin və Rusiya kimi dövlətlər bu qərarı qəbul etmək istəmirlər”.

Enerji mənbələrindən Rusiyanın silah kimi istifadə etdiyini bildirən politoloq bu ölkənin Avropaya təbii qaz göndərdiyini və təbii qazı həm də bəzi dövlətlərə siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini vurğulayıb: “Bu səbəbdən də Avropa Rusiya təbii qazına alternativ mənbə kimi Azərbaycan qazını seçib. Ola bilsin ki, bu prosesə Orta Asiya Respublikaları, birinci növbədə də Türkmənistan qoşulsun. Trans-Xəzər qaz kəməri ideyası formalaşsa və Rusiya buna mane olmasa, Avropa bazarları uğrunda mübarizədən, enerji savaşından çox enerji bazarında əsl bazar münasibətlərinə uyğun rəqabət yarana bilər. Hələ ki Rusiya buna imkan vermir, özünün diqtə siyasətini paralel həyata keçirir”.

Politoloqun sözlərinə görə, bu savaşda Azərbaycan qoşulmayanlar hərəkatının üzvü kimi neytral mövqe tutur, təbii ehtiyatlardan sırf yanacaq məhsulu kimi istifadə edir, bazar münasibətlərinə uyğun olaraq öz məhsulunu satıb əhalisinin maddi rifahını yüksəltməyə çalışır: “Azərbaycanın mövqeyində təbii sərvətlərdən siyasi divident götürmək, yeri gələrsə kiməsə siyasi iradəsini diqtə etmək üçün istifadə etmək halları mümkün deyil və belə hallara rast gəlinmir. Azərbaycan dünyada elə uyğun bazar münasibətlərinin, elə dünya düzəninin formalaşmasının tərəfdarıdır ki, burada hər bir dövlətin ixrac etdiyi məhsulun bazar qiymətinə uyğun radikal siyasi tələblərlə müşayiət olunmasın. İstər Avropa bazarlarında, istərsə də digər bazarlarda yaranan çaxnaşma Rusiyanın hər şeydə diqtə etmək, hər şeydə inhisarçılığa malik olmaq və təbii sərvətlərdən siyasi divident götürməsi üçün şərait yaradır. Avropa məcbur qalıb alternativ mənbələrə ehtiyac duyur. Avropa ölkələri Rus qazından həmişə asılı vəziyyətdə qalmaq istəmirlər, öz bazarlarını şaxələndirmək üçün Azərbaycanın da bu bazara daxil olmasında maraqlıdırlar. Azərbaycan da tam hüquqlu üzv kimi bu münasibətlərə qoşulur və bu durumdan məmnundur”. (OilGas.az)

COP29