“Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir” – İlham Əliyev

Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir.

Yenicag.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, sirr deyil ki, bu gün enerji təhlükəsizliyi məsələləri böyük əhəmiyyət daşıyır:

“Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır”.

Prezident İlham Əliyev bildirib ki, ölkə iqtisadiyyatı üçün bu layihələrin çox böyük əhəmiyyəti var:

“Çünki təsəvvür edin, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı və Azərbaycan öz zəngin neft-qaz resurslarını dünya bazarlarına ixrac etməsəydi, bizim iqtisadi vəziyyətimiz tam fərqli ola bilərdi. Ona görə bu layihələr ölkə iqtisadiyyatına çox böyük təkan vermişdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün yeni imkanlar yaradılmışdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq – bütün bunlar bu layihələrin nəticəsində mümkün olmuşdur və ölkəmizə böyük fayda vermişdir”.

COP29