“Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsindəki rolunu yüksək qiymətləndirən Macarıstan rəhbərliyi perspektivdə Cənub Qaz Dəhlizi Layihəsinə qoşularaq Azərbaycan qazının öz ölkəsinə nəql edilməsinə nail olmaq istəyir”.
Bu sözləri Azərbaycanla Macarıstan arasında enerji nəqli sahəsində əldə edilmiş razılıqları və mövcud durumu dəyərləndirən iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov Yenicag.az-a açıqlamasında qeyd edib.
O bildirib ki, Azərbaycan Prezidentinin dost Macarıstana hazırkı səfəri çərçivəsində enerji layihələrinin reallaşdırılması istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsi gözlənilir.
“Azəbaycanla Macarıstan arasında diplomatik əlaqələrin qurulmasından 30 ildən çox zaman keçsə də, iki ölkənin dostluq və tərəfdaşlıq əlaqələri məhz son 10 ildə dinamik şəkildə inkişaf etməyə başlayıb. Macarıstan rəhbərliyi Azərbaycanın regiondakı bugünkü rolunu və onun getdikcə artmaqda olan siyasi-iqtisadi çəkisini düzgün qiymətləndirərək, ölkəmizlə əməkdaşlığın perspektivlərinə böyük önəm verir.
Bu gün artıq Azərbaycan ilə Macarıstan arasında yüksək siyasi əlaqələr mövcuddur və Macarıstan Azərbaycanın Avropa İttifaqında ən güvənli tərəfdaşlarından biri sayılır. Bu vaxta qədər Azərbaycanla Macarıstan arasında müxtəlif sahələrdəki əlaqələrin tənzimlənməsinə xidmət edən 50-dən çox sənəd imzalanıb.
Bu il yanvarın ayının sonlarında Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana sayca dördüncü səfəri çərçivəsində isə iki ölkə arasında əlaqələrin dərinləşdirilməsinin yeni əsasları qoyuldu. Bu səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə imzalandı. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə etdilər.
Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük önəm verir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsindək rolunu yüksək qiymətləndirən Macarıstan rəhbərliyi perspektivdə Cənub Qaz Dəhlizi Layihəsinə qoşularaq Azərbaycan qazının öz ölkəsinə nəql edilməsinə nail olmaq istəyir. Macarıstan tərəfi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur.
Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda ötən il dekabrın 17-də Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında Buxarestdə imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş xüsusi yer tutur. Sazişi imzalayan ölkələr arasında yaşıl enerjinin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası mühüm əhəmiyyət kəsb edir. Adı çəkilən enerji kabeli vasitəsilə gələcəkdə Xəzər dənizinin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialının Avropanın enerji bazarına çıxarılması təmin ediləcək. Bu isə öz növbəsində Avropanın enerji təminatının şaxələndirilməsndə mühüm əhəmiyyət kəsb edəcək.
Azərbaycan Prezidentinin dost Macarıstana hazırkı səfəri çərçivəsində haqqında bəhs etdiyimiz enerji layihələrinin reallaşdırılması istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsi və bütövlükdə ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsini hədəfləyən yeni sənədlərin imzalanması gözlənilir.
Yusif Səmədzadə