!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Epidbiomed İŞİ”nin qaranlıqları

!Reklam – Yazi

Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olub, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan “Epidbiomed” və “Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırılıb.

Yenicağ.az Araşdırma Qrupu qanunsuz dərman dövriyyəsi ilə məşğul olan bu şirkətlərin fəaliyyətini araşdırarkən olduqca maraqlı nəticələr əldə edib.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib. Maraqlıdır ki, bu şirkət barədə elan olunan ittihama görə, “Epidbiomed” və “Sanimed” MMC-nin rəhbərləri müxtəlif şəxslərlə, tamah məqsədilə, qabaqcadan əlbir olub, daha çox gəlir əldə etmək məqsədi ilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə dəyəri təqribən 1 milyon manatdan artıq 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Şirkət rəhbərliyi əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb, müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların yazılması və zərurət olduğundan daha böyük həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib. Beləliklə şirkət rəhbərliyi idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olub. Bu hal öz növbəsində vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını kütləvi surətdə məhdudlaşdıraraq, onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Buna görə də, Yenicag.az olaraq barəsində bu məzmunda ittihamın irəli sürüldüyü şirkətin fəaliyyətinin, daha doğrusu kimlərin bu şirkətlə dərman alqı-satqısında iştirak etdiyinin maraqlı və vacib olduğunu düşünərək, “Epidbiomed” MMC-nin qalib elan olunduğu dövlət satınalmalarını araşdırmağı özümüzə borc bildik. Məntiqlə düşünsək, əgər bir şirkətin bir çox epizodlarda tamah məqsədilə həkimlərlə razılaşıb, müxtəlif maliyyə və ticarət fırıldaqlarını həyata keçirdiyi məlumdursa, onda bu rəsmi ittiham, onların tender və kotirovkalarda da hansı üsullarla qalib gəldiyi haqqında ciddi suallar doğurur.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Epidbiomed” MMC (VÖEN 1500338941) 2004-cü il noyabr ayının 19-da, hüquqi ünvanı, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6 göstərilməklə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində dövlət qeydiyyatına alınıb. Qurumun qeydiyyat sənədlərindən qanuni təmsilçisinin Mustafayev Surxay Tahə oğlu olduğu məlum olur. (Maraqlıdır ki, rəsmi məlumatda həbs olunanların siyahısında belə bir adamın adı yoxdur.) Təşkilatın Yasamal rayonu, Zivər bəy Əhmədbəyov, 19 ünvanında fəaliyyət göstərdiyi bildirilir.

“Epidbiomed” MMC 2010-2014-cü illər ərzində müxtəlif rayonların mərkəzi xəstəxana və poliklinikaları tərəfindən keçirilən dövlət satınalmaları müsabiqələrində (tender və kotirovka) 104 dəfə qalib olub. (?!) Müsabiqələrin ümumi dəyəri 17 382 860, 15 manatdır.

Ardı var…

Yeni Çağ Sosial Araşdırma Qrupu

www.yenicag.az

2921
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv