Dünya İqtisadi Forumunun sonuncu Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına görə (2022-ci ilə görə Hesabat hələlik dərc olunmamışdır), Azərbaycan 141 ölkə arasında “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutur. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır.
Yenicag.az xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov deyib.
O bildirib ki, 132 ölkəni əhatə edən “Qlobal İnnovasiya İndeksi (Qİİ) 2022 Hesabatı”nda Azərbaycan “İnnovativ resurslar” alt indeksi üzrə reytinqdə 79-cu yeri tutur. “İnnovasiya əlaqələri” istiqaməti üzrə Azərbaycan 56-cı yerdə qərarlaşıb:
“2022-ci ildə daha bir beynəlxalq təşkilat – “Mülkiyyət Hüquqları Alyansı” (“The Property Rights Alliance”) tərəfindən hazırlanmış 129 ölkəni əhatə edən Hesabatda Azərbaycan reytinqdə 60-cı yeri tutaraq Ermənistan (63), Gürcüstan (72), Qazaxıstan (75), Rusiya (85), Moldova (95) və Ukraynanı (105) qabaqlayır.
“Əqli mülkiyyət hüququ” qrupunda ölkəmiz Qazaxıstan (86), Moldova (90), Ermənistan (91), Ukrayna (93) və Gürcüstandan (112) irəlidədir, üstəlik “Əqli mülkiyyətin mühafizəsinin dərk edilməsi” göstəricisinə görə Azərbaycan reytinqdə yüksək 30-cu yeri tutur.
ABŞ Dövlət Departamentinin 2022-ci ildə Azərbaycanın investisiya mühiti haqqında yaydığı hesabatın (“2022 Investment Climate Statements: Azerbaijan”) 5-ci bölməsinin “Əqli mülkiyyət hüquqları” hissəsində də ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması səviyyəsinin yaxşılaşması qeyd edilib”.