!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ər ayağı suyu"nun resepti və ya Fərrux kişinin "heykəlbaz(d)lığı" - Aqil Bəkir yazır

!Reklam – Yazi

Bu axın deyilən mərəd elə bir şeydir ki, qapıldınsa, qapıldın, sonra qurtuluşu yoxdur. Cəmiyyət də elə bu cür axına qapılıb getməkdədir ki, qarşısına çıxan hər şeyi yaxıb-yıxır.

Bir vaxtlar qaza tətbiq edilən limitlər gündəmdəykən hər kəsə mürəbbəni gecə bişirməyi məsləhət görən xanım jurnalist bu dəfə də quşu gözündən, sözü də bilmirəm, harasından vurub və belə izhar edib ki, qadınlar ailənin dağılmasını əngəlləmək üçün, gərək, kişinin ayağını yusun, sonra da o suyu içsin. Əlbət, deyə bilərsiniz ki, bu bizim məsəldir və “biri od olan yerdə, biri su olmalıdır” mənasını özündə ehtiva edir. Lakin bu gün efirdə olanlar jest və mimika dilindən, həmçinin kinayə tonundan o qədər istifadə edə bilmirlər ki, anlamaqda çətinlik çəkirsən, görən, birbaşamı deyir, lağmı edir?! Ancaq başa düşdüyüm odur ki, sözün elə həqiqi mənasında danışır.

Xanımın apardığı verilişin mahiyyəti ailə-məişət məsələsi səviyyəsində olduğu üçün eynitipli proqramların izləyicisi də həmin düşüncənin daşıyıcılarıdır və biz cəmiyyətin bu təbəqəsini maarifləndirmə, ailədaxili şiddətə qarşı səssiz qalmamaları yönündə təbliğat aparırıq, fəqət xanım çıxıb efirdən bu sözləri deyəndə bizim o maarifləndirməmiz, təbliğatımız olur bir heç, sıfırlanır, biz də danışmaqla qalırıq.

Qadınların böyük çoxluğunun kişilərdən maddi və mənəvi, həmçinin namus baxımından asılı yaşadığı bir ölkədə çıxıb öz həmcinslərini hüquqlarını bilməyə səsləməli olan xanımın “ər ayağının suyu”ndan danışması da ayrı bir dərddir.

Hər halda, belə fikirləşirəm ki, xanımın apardığı veriliş tipində olan bütün proqramlar efirlərdən yığışdırılmalı, cəmiyyəti kütləşdirən, düşünməyə qoymayan və ən əsası, indilərdə heç bir keçərliliyi olmayan, mənəvi keçmişimizdə rastlanmayan dəyər donu geydirilmiş saxta “pərvər”liyin təbliğatı yasaqlanmalıdır. Çünki biz bu deyilik.

Məsələnin hazırda ən çox müzakirə edilən zad olduğunu nəzərə alaraq “ər ayağı suyu”nun reseptini də araşdırıb öyrəndim. Bu yaxşılığımı da unutmazsınız deyə düşünürəm.

Deməli, xanımlar, nə edirsiniz: Əvvəlcə yaşıl bir vannanı (bəli, bəli, məhz yaşıl rəngli, başqası olmaz) ilıq su ilə doldurursunuz – bu müddət ərzində əriniz ayağını ayaqqabıdan çıxarmır – daha sonra ərinizin ayağından ayaqqabını çıxardıb, corabını soyundurub o müqəddəs “aşağı ətraflar”ı salırsınız vannanın içinə, bununla paralel olaraq da corabları ayaqqabının içinə tıxırsınız ki, dadı qaçmasın. Yuyursunuz, yuyursunuz, yuyursunuz, sonra ayaqları sudan çıxarıb corabları salırsınız. Əldə olunmuş kimyəvi maddə hesab edilə biləcək həmin suyu balaca “Aroma” şüşəsinə doldurub bir həftə gündən iraq yerdə gözlədirsiniz. Və budur! Bir həftə sonra müalicəvi “ər ayağı suyu”ndan bütün xəstəliklərinizə qarşı istifadə edə bilərsiniz! Hərçənd buna Firəngistanda fetiş deyirlər.

Onu da qeyd edim ki, həmin suyu gecə saat 12-də – mürəbbə bişirdikdən sonra içmək müstəhəbdir.

Zarafat bir yana, siz nə yeyib-içirsiniz?

Nə yeyib-içirsiniz ki, küçədə sənətini icra edən şəxslərə qarşı tərbiyəsiz, aşağılayıcı münasibət göstərirsiniz?

Son günlər Bakıda canlı heykələ qarşı edilən, heç bir tərbiyəyə sığmayan hərəkətlər mədəni cəhətdən nə qədər inkişaf etməmiz lazım olduğunu göstərir. Bir-iki layka görə düşüklüklər etmək, başqalarını qoyuram bir kənara, elə özünə qarşı hörmətsizlikdir. Buna görə də, gənclər, həmyaşıdlarım, sizə səslənirəm: Özünüzə gəlin, məsuliyyətinizi hiss edin və düşünün. Siz nə edirsiniz belə?

www.yenicag.az

1512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv